EN

Rusiya-Azərbaycan Universitetinin hansı üstünlükləri olacaq? - RƏY

"Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı mətbuat konfransında çıxışında Rusiya-Azərbaycan Universitetinin yaradılması təklifini irəli sürmüşdü. O, Sankt-Peterburq Dövlət Universitetinin belə bir layihəyə hazır olduğunu bildirmişdi".

Bu sözləri təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, Sankt-Peterburq Akademiyasiyası hələ XIX əsrdə Azərbaycanla tarixi əlaqəsi olan qədim və nüfuzlu elm ocaqlarından biri olub:

"XX əsr Azərbaycanının elm və təhsil sistemində də bu universitetin xüsusi çəkisi olub. Belə bir təhsil ocağı ilə ortaq universitetin yaradılması təqdir olunmalıdır. Ümumiyyətlə, təhsildə beynəlxalq əlaqələr hər zaman olub. Bu əlaqələrə tələbə, müəllim mübadiləsi, müəyyən birgə təcrübə proqramları və sair daxildir. Belə əlaqələrin daha yüksək əməkdaşlığının bir nümunəsi də ortaq universitetin yaradılmasıdır". 

357397

Ekspert diqqətə çatdırıb ki, bu təcrübə Azərbaycanda yeni olsa da ilk deyil:

"Daha əvvəl Türkiyə-Azərbaycan və ADA-nın bazasında İtaliya-Azərbaycan Universitetləri yaradıldı, eləcə də bu il tələbə qəbulu aparıldı. İkili universitetlər iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə səbəb olur. 

Rusiya uzun zamandır bizim qonşumuzdur. Azərbaycanda kifayət qədər rusdilli əhali, eləcə də Rusiyada da azərbaycanlılar yaşayır. Azərbaycan təhsilində orta məktəblərdə rus sektorları, habelə Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Yəni Rusiya-Azərbaycan Universitetinin yaradılmasında təəccüblü bir nüans yoxdur".

Cahid İmanlı Rusiya-Azərbaycan Universitetinin üstünlükləri barədə də danışıb:

"Bu universitetdə oxuyan tələbələrin beynəlxalq təcrübədən istifadəsi, ikili diplomlar alması onlar üçün daha geniş təhsil imkanları yaradacaq. İstənilən bu tipli universitetlər Azərbaycanın milli maraqlarına xidmət etməli və onlara dövlət qayğısı yüksək olduğu kimi dövlətin nəzarəti də yüksək olmalıdır".

Pərviz

Chosen
254
29
hit.az

10Sources