Gürcüstan müxalifəti oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə iğtişaşlar yaratmağa çalışacaq.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Görünən odur ki, radikal müxalifət seçkilərdə qalib gələcəyinə ümid etmir, lüğətlərindən “Gürcü Arzusu” qalib gəlsə” sözünü çıxarıb, “Gürcü Arzusu seçkiləri saxtalaşdırsa” deyirlər. Bəlli olur ki, növbəti dəfə seçkilərin nəticələrini tanımayacaq, dövlət institutlarına qarşı hücuma keçəcək, ölkədə iğtişaşlar yaratmağa çalışacaqlar”, - Kobaxidze bildirib.
O vurğulayıb ki, seçkilərdən əvvəl və ya sonra vəziyyətin sabitliyini pozmaq cəhdlərinin qarşısı tam qanun çərçivəsində alınacaq. Kobaxidze əlavə edib ki, Gürcüstan vəziyyəti heç kimin poza bilməməsi üçün bütün resurslara malikdir.
“Buna uyğun olaraq heç bir təxribat uğur qazanmayacaq və hər hansı cinayət əməli ağır cəza ilə qarşılanacaq”, - baş nazir qeyd edib.