EN

Çin Rusiyanı Qərbə qarşı dəstəkləməklə gələcəkdə özünə yönələcək təhdidləri parçalamağa çalışır- Oqtay Qasımov

“Rusiya-Ukrayna müharibəsi fonunda Kiyevin Kursk istiqamətində irəliləməsi Moskvanın narahatlığına səbəb olub. Belə ki, müəyyən qüvvələrini həmin ərazilərə cəmləsə də Ukraynanın irəliləyişini dayandıra bilmir. Digər tərəfdən əsas müttəfiqi olan Çinin Rusiyaya bu çətin dönəmdə yardım edib-etməyəcəyi də sual doğurur”.

“Təbii ki, Ukraynanın Kurska hücumu Rusiyanın planlarına daxil deyildi və bu, Rusiyanı kifayət qədər mürəkkəb vəziyyətdə qoydu. Amma gedişat onu göstərir ki, Rusiya Ukraynanın Kursk istiqamətində irəliləməsini bir müddət sonra durdura biləcək. Belə ki, ilk dövrün intensiv irəliləməsi ilə müqayisədə son dövrlər biz burada yavaş hərəkətin və nəzarət altına keçirilən ərazilərin miqyasının kiçildiyini görməkdəyik”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, Rusiya hələlik bu hücumları tam şəkildə durdura bilməsə də, Rusiyanın bu hücumları durdurmaq potensialı hələ tükənməyib.

“Nəzərə alsaq ki, Rusiyanın düşüncəsi fərqlidir və burada canlı itki heç də onları qorxutmur. O zaman deyə bilərik ki, Rusiya Kursk istiqamətinə daha əlavə qüvvələr atacaq. Lakin təbii ki, savaşın şəkili müəyyən qədər dəyişib. Bir tərəfdən Ukrayna Rusiya ərazisində müəyyən irəliləyişlər əldə edir. Eyni zamanda Rusiyada Ukraynanın bu hücumlarına cavab olaraq Donbas istiqamətində irəliləməyə müvəffəq olur. Bu, çox böyük sürətlə olmasa da, hər halda Rusiyada son dövrdə bir neçə əraziləri öz nəzarəti altına ala bilib. Bundan sonrakı dönəmdə düşünürəm, Ukrayna Qərbdən daha çox uzaqmənzilli raketləri tələb etməklə Rusiya ərazilərini məhz bu silahla vurmağı planlayacaq. Belə ki, Zelenski də Qərbdən uzaqmənzilli raketlərlə bağlı ricada bulunub və görünən odur ki, Rusiyada hədəflər müəyyən olunaraq həmin raketlər vasitəsilə Rusiyanın daha dərinliklərinə zərbə endirməklə savaşda müəyyən bir dönüş etməyə çalışır. Bu mərhələdə, yəni belə bir dönəmdə Rusiyanın yaxın müttəfiqlərindən sayılan Çinin davranışları təbii ki, maraq doğurur. Vaxtilə Çin Rusiya- Ukrayna arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bir təkliflə çıxış etdi. Amma bu təklif Ukrayna tərəfindən dəstəklənmədi. Lakin nəzərə alsaq ki, Ukrayna xarici işlər naziri bir müddət öncə Çində səfərdə olmuşdur. Orada keçirdiyi danışıqlardan çox optimist olmasa da, hər halda müəyyən bir ümidlərlə qayıtmışdı.

“Məncə, Ukrayna tərəfi Çinin savaşda nisbi bitərəfliyinin təmin edilməsinə müəyyən qədər nail olub. O ki qaldı Çinin belə bir mərhələdə Rusiya silahlar verməsinə, açıqcası bunun baş verməsi çox da asan görünmür. Son dövrlər, xüsusilə də Qərb mətbuatında Çinə yönəlik intensiv kampaniya aparılması da, Çinə təzyiq üçün nəzərdə tutulur. Belə ki, həmin məlumatlarda qeyd olunur ki, Çin Rusiyanın müəyyən silahlar silahlarla, o cümlədən çiplərlə və analoji vasitələrlə təmin edir. Məhz bu səbəbdən də Çinin müəyyən şirkətlərinə sanksiyalar qoyulub və Çin artıq müəyyən məsələlərdə geri çəkilib. Müəyyən malların Rusiyaya satılmasına embarqo qoyub. Çünki sanksiyaya düşməkdən ehtiyat edirlər. Həm sanksiyalar məsələsini diqqətə alır və dünya ilə üz-üzə durmaq istəmir. Çinin həm Amerika, həm də Qərblə ticarət dövriyyəsi Rusiya ilə olan ticarət dövriyyəsindən dəfələrlə artıqdır. Buna görə də belə bir böyük bazarı və ticarət tərəfdaşlarını itirmək istəməzdi”.

O. Qasımov sonda vurğulayıb ki, bu savaşda Çin hansısa tərəf tutmaqdan daha çox, öz maraqlarını müdafiə etmək üçün siyasət yürüdür.

Chosen
90
aznews.az

1Sources