Yayımlandı: 4 Sentyabr 2024 12:51 Hökumət bunu enerji asılılığı ilə əsaslandırıb Monqolustan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edə bilməyəcəyinə görə üzr istəyib. Hökumət rəsmisi bunu ölkəsinin enerji asılılığı və neytrallığı ilə izah edib: “Hər kəsdən üzr istəyirik, əlimiz bir az bağlıdır”. Bu barədə sentyabrın 3-də “Politico” nəşri hökumətin Ulan-Batordakı nümayəndəsinə istinadən yazıb. “Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizindən çoxunu qonşu ölkələrdən idxal edir. Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir”, – deyə Monqolustan rəsmisi “Politico”ya bildirib. O əlavə edib ki, Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib. Adı açıqlanmayan hüquq ekspertinin sözlərinə görə, Monqolustanın üzvü olduğu Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etmədiyi üçün təqiblərlə üzləşməsi ehtimalı var. Rusiyanın dövlət başçısı Vladimir Putinin Ulan-Batora səfəri ərəfəsində Avropa İttifaqı, Ukrayna, “Amnesty İnternational” və “Human Rights Watch” kimi beynəlxalq insan haqları təşkilatları Monqolustanı BCM üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb. Vladimir Putin Monqolustana ölkə Prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti ilə Xalxin-Qol çayında sovet və monqol qoşunlarının Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün səfər edib. 2023-cü ilin martında BCM uşaqların Ukraynadan Rusiyaya köçürülməsinə və müharibə cinayətlərinə görə Vladimir Putin barəsində həbs qərarı çıxarıb. Monqolustana getməsi isə məhkəmə qərarından sonraya təsadüf edib və bu, Rusiya Prezidentinin Roma Statutunu imzalayan bir ölkəyə ilk səfəridir. Monqolustan 2000-ci ildə Roma Statutunu imzalayıb və 2002-ci ildə ratifikasiya edib. Meydan TV