EN

Gürcü politoloq: Bəzi güclərə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sərf eləmir

Bu gün yalnız bəzi Qərb dövlətləri deyil, digər güclər də var ki, onlara Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sərf eləmir. Əllərindən gələni edirlər ki, burada aranı qatsınlar, daxili çaxnaşma yaratsınlar. Elə qüvvələr də var ki, bu əməlləri xüsusilə Azərbaycan və Gürcüstanda etməyə çalışırlar.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, gürcü siyasi şərhçi Mamuka Areşidze deyib.

Onun sözlərinə görə, bu gün dünyada siyasi mənzərə və siyasi baxışlar dəyişib.

"Düşmənini tanıdıqdan sonra onun atacağı addımı və öz addımını öncədən planlaşdıra bilirsən. Çünki sən onun məntiqinə bələdsən. Azərbaycan dövləti də bunu bacardığı üçün bütün sınaqlardan çox böyük uğurla keçib. Ölkədə keçirilən parlament seçkiləri də növbəti uğurlu sınaqlardan biri idi. Sadəcə, ehtiyatlı olmalıyıq. Düşünürəm ki, bu qüvvələr ölkədə çaxnaşma yaratmaq üçün səylərini davam etdirəcəklər. Vətəndaş müharibəsinə cəhd edəcəklər, siyasi partiyaları qarşı-qarşıya qoymağa çalışacaqlar”, - deyə Araşidze vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan kimi Gürcüstan da bütün sınaqlardan üzüağ çıxacaq. Çünki Gürcüstan ictimaiyyəti bir çox ağır sınaqlar - vətəndaş müharibəsi, Abxaziya və Osetiyada baş tutan müharibələr görüb: "Gürcü xalqı qarşıdurma istəmir, çaxnaşma istəmir, müharibə istəmir. Ona görə də Gürcüstanda yaşayan bütün xalqlar başda olmaqla, gürcü xalqı çalışacaq ki, ölkədəki parlament seçkiləri maksimum dərəcədə sakit keçsin. Heç bir qarşıdurma baş tutmasın. Necə ki, bu proses dinc şəkildə Azərbaycanda baş tutdu".

Siyasi şərhçi əlavə edib ki, bəzi müşahidəçilər səsvermənin nəticələrini tanımamaq üçün əllərindən gələni edəcəklər: "Bunun üçün böyük pullar ayrılıb. Bütün cəhdlər olacaq, amma bu cəhdlərin nəticəsi həm vətəndaşlardan, həm də siyasi partiyalardan asılı olacaq. Əminəm ki, ölkəmizi dağıtmaq istəyən qüvvələrin planları baş tutmayacaq. Təbii ki, mitinqlər olacaq, yürüşlər keçiriləcək, amma çevriliş olmayacaq, buna icazə verilməyəcək".

Chosen
99
korrespondent.az

1Sources