EN

Bakı İstintaq Təcridxanasında saxlanılan əcnəbilər də parlament seçkilərində səs verib

Səsvermə keçirilən otaqda olan müşahidəçilər elə təcridxananın mülki əməkdaşları olub

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri zamanı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan xarici ölkə vətəndaşlarının da səsverməyə cəlb olunduğu bildirilir. 

"Abzas Media"ya bu barədə təcridxanadakı mənbə məlumat verib. 

Məlumata görə, seçkidən bir müddət əvvəl BİT-də saxlanılan şəxslərə səsvermədə iştirak üçün vəsiqə əvəzi kartlar verilib. Amma bu kartlar təkcə yerli qanunvericiliklə səsvermə hüququ olanlara verilməyib. 

"Kartın üstündə məhbusların şəkilləri, ad-soyadları, ata adları, imzaları, möhür və müəssisə rəhbərinin imzası olur. Kartları məhbuslara veririk, onlar da imzalayıb qaytarırlar, səsverməyə gedəndə yenidən qaytarırıq ki, orada təqdim etsinlər. Bu kartlar səsvermə hüququ olmayan xarici vətəndaşlara da paylandı və sonradan onların bəziləri seçkidə iştirak etdi”, - deyə mənbə bildirib. 

Müəssisədə saxlanılan şəxslərdən biri isə deyir ki, səsvermə keçirilən otaqda olan müşahidəçilər elə təcridxananın mülki əməkdaşları olub. 

"Otaqda iki müşahidəçi var idi. Kimlikləri, hansı partiyaya aid olduqları, hansı namizədi təmsil etdikləri üzərlərində yazılmamışdı. Soruşanlara isə çox sərt cavab verirdilər ki, siz kimsiniz, sizə cavab verək? Məhbuslara izah edilməmişdi ki, səsvermə könüllüdür. Seçki platformalarından xəbərsiz idiər və məlumat almaları üçün imkan yaradılmırdı”, - deyə mənbə qeyd edib. 

İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində seçki prosesi Seçki Məcəlləsinin aşağıdakı maddələrilə tənzimlənir: 

46.6. İstintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahıları müəssisə rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir. 

46.9. Müəssisə rəhbərləri seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.

47.6. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan şəxslər istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər. 

2.5. Seçkilərin və referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir.

Məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlamağa çalışsaq da, qurumun rəsmi saytında qeyd olunan nömrələrə cavab verən olmadı.
Chosen
128
3
arqument.az

4Sources