“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İran Zəngəzur dəhlizi layihəsini dəstəklədiyinə görə ilk dəfə açıq şəkildə Rusiyaya etiraz elədi. Hətta Rusiya səfiri bu səbəbdən İran Xarici İşlər Nazirliyinə çağırıldı. Tehran niyə bu mövzu üzərindən Moskva ilə çəkişmə yolunu tutdu?
- Əslində, hesab etmirəm ki, İran Rusiya ilə çəkişməyə hazırdır, iki ölkənin bir çox sahələrdə əməkdaşlıq və tərəfdaşlıqları var, eləcə də hərbi sektorda. İran Rusiyaya silah-sursat satır, birgə hərbi təlim keçirirlər. Sadəcə Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları var. O da bundan ibarətdir ki, Rusiya dəhlizin onun nəzarəti altında açılması və işləməsini istəyir. İran isə bildirir ki, ümumiyyətlə, Zəngəzur dəhlizi açılmamalıdır, guya yol açılsa, bu, onun Ermənistanla sərhədlərinin bağlanmasına səbəb olacaq. Məntiqsiz yanaşmadır. Dəmir yolu sərhədi necə bağlaya bilər? İran son dərəcə yumşaq şəkildə öz narahatlığını Rusiyaya çatdırdı.
Heç biz özümüz Rusiyanın şərtini qəbul etmirik, eləcə də Ermənistan. Çünki Rusiya dəhlizə özünün nəzarət etməsini istəyir. Bu da nə bizim, nə də Ermənistanın maraqlarına cavab verir.
İran məsələyə ikili standartlarla yanaşır. Azərbaycanla İran arasında da razılaşma var ki, Araz çayının sahili ilə Naxçıvana bir dəmir yolu çəkiləcək. Bu yol da Araz dəhlizi adlanır. İndi necə olur ki, İran öz ərazisindən Naxçıvana gedən dəhlizi dəstəkləyir, amma Ermənistandan keçəcək dəhlizi yox? Məntiqsiz yanaşmadır. Zatən İran nə deməsindən asılı olmayaraq, bu prosesə mane ola bilməyəcək, Zəngəzur dəhlizi açılacaq. Bu, Azərbaycan və Ermənistanın daxili işidir. Bakı və İrəvan razılaşandan sonra dəhliz işə düşəcək, İran da bunun qarşısını ala bilməyəcək.
- Ümumiyyətlə, İran niyə bu dəhlizdən narahatlıq keçirir? Əsasən də məsələni “Ermənistan sərhədində dəyişiklik” kimi qələmə verirlər.
- Bu, səbəb deyil, səbəb İranın türk dünyasının inteqrasiyasından olan qorxusudur. Çünki Zəngəzur sıradan bir dəhliz deyil, Orta dəhlizin bir hissəsidir. Əslində, bu, Türk dəhlizidir. Şərqi Türküstandan (Çin) başlayan bu xətt Mərkəzi Asiya və Xəzər dənizi üzərindən Azərbaycan və Türkiyəyə qədər uzanır. İran ondan qorxur ki, türk dünyası güclənir, inteqrasiya böyüyür, Azərbaycanın bölgədə rolu artır. Azərbaycanın güclənməsi İrandakı mühafizəkarları qorxudur. “Sərhəd qapanır” iddiası bəhanədir, gülməli məntiqdir, buna heç kim inanmır.
- Rusiyadan əvvəl ABŞ da Zəngəzur dəhlizinin açılmasına olan marağını ən yüksək səviyyədə bəyan edib, dövlət katibinin köməkçisi Ceyms Obrayenin bu haqda bir neçə açıqlaması var. İran niyə ABŞ-a etiraz eləmir, yaxud hansı səbəbdən Rusiyadan gördüyü “təhlükə”ni Amerikadan görmür?
- Səbəbi aydındır, çünki dəhlizin açılmasına daha çox təsir edə biləcək dövlət Rusiyadır, Amerika deyil. ABŞ dəhlizin açılmasını olan marağını sözlə deyə bilər. Rusiyanın Ermənistana kifayət qədər təsir imkanları var ki, bu dəhliz açılsın. Üstəgəl, ortada məsələ ilə əlaqədar 10 noyabr bəyanatı var, Moskva məhz buna istinad edir. Paralel olaraq, Rusiya gələcəkdə öz yüklərini daşımaq üçün bu dəhlizdən istifadə edə bilər. ABŞ-ın belə istək və imkanları yoxdur. İran buna görə mesajı Rusiyaya göndərir.
Hesab edirəm ki, ABŞ bunu sözlə dəstəkləsə də, bunun da xüsusi əhəmiyyəti var. Yaxın vaxtlara qədər heç bir Amerika rəsmisi Zəngəzur dəhlizi barədə açıqlama verməzdi, bir neçə aydır bu barədə açıq danışırlar. Əslində, bu, Azərbaycanın xeyrinədir.
- Dəhlizlə bağlı ən müxtəlif güclər öz maraqlarını ifadə ediblər, bəzilərinin də mövqeləri bir-birinə ziddir. Bu durum prosesi hara apara bilər?
- Bəli, üst-üstə düşməyən fikirlər var, amma əksər ölkələr bunun açılmasını istəyir. Məsələn, Çin bu dəhlizdən istifadə etməyi planlaşdırır. Artıq Çin Zəngəzurun da daxil olduğu Orta dəhlizdən istifadə edir. Çin, Mərkəzi Asiya, Xəzər dənizi və Bakı-Tiflis-Qars dəmir yolu ilə yükdaşımalar iki dəfə artıb. Yəni artıq Orta dəhliz işlək vəziyyətdədir.
Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Avropa və ABŞ Zəngəzur dəhlizində maraqlıdır, həmçinin Rusiya. Sadəcə Rusiya istəyir ki, dəhlizə onun hərbçiləri nəzarət eləsin, bu, mümkün deyil. Hesab edirəm ki, Rusiya sonda Azərbaycanla Ermənistanın şərtini qəbul edəcək.
Başqa sözlə, İrandan başqa dövlət tanımıram ki, bu dəhlizin əleyhinə çıxsın. İranın etirazı heç nəyi dəyişmir, Zəngəzura ordu yeridəsi deyillər ki?! Yəqin ki, İranın islahatçı Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri olacaq. Pezeşkian hələlik bu mövzuya toxunmur, keçmiş prezidentləri Rəisi fürsət düşdükcə bu barədə danışırdı. Rəisi birbaşa və dolayı yolla Zəngəzur dəhlizinin əleyhinə olduğunui deyirdi. Hələlik Pezeşkianın bu barədə açıqlaması yoxdur. Qənaətimə görə, Pezeşkian Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafını istəyir.
Hesab edirəm ki, Pezeşkianın gələcəkdə Bakı və Ankaraya səfərində bu məsələ onun diqqətinə çatdırılacaq. İranda bu məsələdə Azərbaycan əleyhinə siyasət yürüdən mühafizəkar dairələrdir, xüsusən də dini lider (Əli Xameneyi) və ətrafı, bir də SEPAH. Amma yeni prezident müsbət yanaşma ortaya qoysa, həminə dairələri inandıra bilər ki, Zəngəzur dəhlizi İranın da xeyrinədir, onun da bundan faydalanması mümkündür.
- Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi var ki, dəhlizə nəzarət bir özəl beynəlxalq təşkilata verilsin. Bu, Azərbaycan üçün məqbul ola bilərmi?
- Bəli, Paşinyanın belə bir açıqlaması var. Amma bu, yeni deyil. Keçən ilin yay aylarında Brüsseldə Prezident İlham Əliyev, Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel bu mövzu ətrafında fikir mübadiləsi aparmışdı. Beynəlxalq Gömrük Təşkilatının bu işə cəlb edilməsi məsələsi müzakirə olunmuşdu. Biz deyirik ki, orada Azərbaycan vətəndaşlarını Rusiya və Ermənistan hərbçiləri yoxlamamalıdır, rahat keçməlidirlər. Çünki biz Azərbaycandan Azərbaycana gedirik. İndi Ermənistan bildirir ki, biz yox, bir beynəlxalq təşkilatın əməkdaşları yoxlasın. Bu ətrafda fikir mübadiləsi aparıla bilər.
Hesab edirəm ki, Zəngəzur dəhlizi mövzusunun sülh müqaviləsindən çıxarılması uğurlu gedişdir. Bu, müqavilənin imzalanmasına da mane ola bilərdi. Qənaətimə görə, Paşinyan Bakının tələbi ilə Konstitusiyanı dəyişib sülh müqaviləsi imzalansa, bu, Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirəcək.