EN

“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi”

Bu layihədə 1,1 min kilometrlik sualtı, 95 kilometrlik yerüstü kabel xəttinin çəkilməsi nəzərdə tutulub

Macarıstanın Baş naziri Vik­tor Orbanın mətbuat katibi Zol­tan Kovaç “X” sosial şəbəkəsində ölkəsinin xarici işlər naziri Peter Siyartoya istinadla Azərbaycan, Gürcüstan, Macarıstan və Rumı­niyadan olan enerji operatorları­nın tezliklə “yaşıl” enerji sahəsin­də tərəfdaşlıq haqqında yenilənmiş sazişi imzalamağı planlaşdırdıqla­rını bildirib.

Z.Kovaç daha sonra “yaşıl” enerjinin Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya idxal etməyə imkan verən layihənin praktiki icrasına yaxınlaşdığını, bununla bağlı Macarıstan–Azərbaycan–Gürcüstan–Rumıniya tərəfdaşlığına dair Buxarestdə keçirilən görüşdə milli təh­lükəsizliyin əsas elementi kimi enerji təh­lükəsizliyinin vacibliyinin vurğulandığını, eyni zamanda, “Azərbaycan–Gürcüstan–Avropa Qara dəniz vasitəsilə “yaşıl” enerji dəhlizi” layihəsinin Gürcüstan və Azərbaycandan yeni enerji mənbələrinin reallaşacağına şərait yaradacağını, bununla da Macarıstanın enerji istehlakında daya­nıqlığının artacağını qeyd edib. 

Paylaşımda, həmçinin layihədə iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin bir­gə müəssisə yaradılması və tezliklə “yaşıl” enerji sahəsində tərəfdaşlıq haqqında dəyiş­dirilmiş sazişin imzalanmasının planlaşdı­rılması diqqətə çatdırılıb. Məlumatda belə layihələrin uğurunun çox vaxt maliyyələş­dirmədən asılı olduğu, Avropa İttifaqının bu layihəyə lazım olan infrastrukturun in­kişafı üçün maliyyə dəstəyi göstərəcəyinə ümid edildiyi bildirilib. Paylaşımın sonun­da 1100 kilometrlik sualtı kabelin uzun­luğuna görə rekord olacağı və layihə başa çatdıqdan sonra “yaşıl” enerjinin idxalının asanlaşacağını vurğulayıb.

Xatırladaq ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüs­tan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər–Rəhbər Komitənin iclası keçirilib. Energetika Nazirliyindən aldığımız məlumata görə, toplantıda Azər­baycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İ­oan Burduja, baş katib Mirça Abrudean, Gürcüstanı Baş nazirin birinci müavini, iq­tisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil ediblər. Görüşə Bolqarıstan, Avropa Komissiyası, ötürücü sistem operatorları və CESI şirkəti­nin nümayəndələri də qatılıblar.

İclasda layihənin CESI şirkətinin hə­yata keçirdiyi texniki-iqtisadi əsaslandır­masının cari vəziyyəti, birgə müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, “yaşıl” enerji dəhlizinin fiber-optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasi­yası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib.

Pərviz Şahbazov “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nə­ticələrinin təqdimatının bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırıldığını vurğulayaraq prosesin intensivliyini gerçəkləşdirəcək tövsiyələr verib. Nazir, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti ad­dımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq “yaşıl” enerji dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Nazir daha sonra deyib: “Bu gün birgə müəssisənin təsis sənədlərinin imzalan­ması ilə layihəmiz yeni mərhələyə qədəm qoyur. Birgə müəssisə – Yaşıl Enerji Dəh­lizi Enerji Şirkəti layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, texni­ki-iqtisadi əsaslandırmanın hazırlanması və icrası proseslərinə nəzarətə məsul, işti­rakçı ölkələr tərəfindən həvalə edilən təd­birləri həyata keçirən qurum kimi fəaliyyət göstərəcək. “Yaşıl” enerji dəhlizinin əsas resurs mənbəyi olan Azərbaycan Avropa ölkələrinin bərpaolunan enerji sahəsində də əsas tərəfdaşlarından biri olacaq”.

Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları (“AzərEnerji”, “Gür­cüstan Dövlət Elektrosistem”, “Transelect­rica”, MVM) arasında birgə müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar müqaviləsi”, həmçinin iclasın yekunlarına dair protokol imzala­nıb. Birgə müəssisə və İşçi qrupa müəy­yənləşdirilən müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamam­lanması üçün məsləhətçi şirkətlə birgə pro­sesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək birgə müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başla­maq tapşırılıb.

“Yaşıl” Enerji Dəhlizi Birgə Müəssisə­sinə rəhbərliyin rotasiyaya əsaslanması, həmçinin Fiber-Optik Kabel Xəttinə dair tapşırıqların və Bolqarıstanın layihəyə in­teqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasın­da ehtiva edilməsi razılaşdırılıb. Bundan başqa, ümumi və qarşılıqlı maraq doğuran layihələrin ikinci siyahısı ilə əlaqədar 2024-cü ilin sentyabr ayında Avropa Komissiyası tərəfindən başladılmış proses çərçivəsində status üçün kollektiv şəkildə müraciət barə­də razılığa gəlinib. COP29 İqlim Liderləri­nin Sammiti zamanı layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə də dəstək ifadə olunub. Yekunda nazirlərin Buxarest görüşünün nəticələrinə dair bri­finq keçirilib.

Xatırladaq ki, 2022-ci il dekabr ayının 17-də imzalanan “Azərbaycan Respubli­kası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”də Rumıniya ilə respublikamız arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi nəzərdə tutulub və 1000 meqavat gücündə 1195 kilometr (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü) uzunluğunda sualtı elektrik ka­belinin tikintisi qərara alınıb. Bu anlaşma ilə Qara dəniz hövzəsində milli və regio­nal enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi və Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsası qo­yulub. 

Layihənin əhəmiyyətini nəzərə alan Dünya Bankının İcraçı Direktorlar Şura­sı elektrik enerjisi və bərpaolunan enerji mənbələri proqramı vasitəsilə Qara dənizin dibinin geofiziki və geotexniki tədqiqat­larının aparılmasının maliyyələşdirilməsi üçün 35 milyon dollar məbləğində krediti təsdiqləyib. Avropa İttifaqı (Aİ) isə Şərq Tərəfdaşlığı İnvestisiya Planına əsaslana­raq layihəyə 2,3 milyard avro ayırmaq niy­yətini bəyan edib. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihəyə dəstək məqsədilə müzakirələrə başlayıb. 

Yeri gəlmişkən, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl” enerji təchizatçısına çevrilməyi planlaşdı­rır. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamı­zın bərpaolunan enerji mənbələrinin texni­ki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. “Yaşıl” enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioener­ji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymət­ləndirilir. Əlbəttə, bu göstəricilər xarici strateji investorların Azərbaycanın enerji bazarı üçün maraqlı olmasını deməyə əsas verir.

Xəzər regionundan Aİ ölkələrinə Gür­cüstan və Qara dəniz vasitəsilə sualtı ka­belin çəkilməsi 4 qiqavata qədər “yaşıl” enerjinin ötürülməsini asanlaşdıracağı göz­lənilir. Eyni zamanda, bu layihə ilə yanaşı, Xəzər regionundan Aİ-yə “yaşıl” hidroge­nin çatdırılması üçün sistemin yaradılması da diqqətdə saxlanılır. Artıq Xəzər dənizin­dən Qara dənizə, oradan da Avropaya is­tiqamət götürəcək bu layihənin texniki-iq­tisadi əsaslandırılması sonuncu mərhələyə qədəm qoyub. Layihənin texniki-iqtisadi əsaslandırılmasını İtaliyanın CESİ şirkəti həyata keçirir. Texniki-iqtisadi əsaslandır­manın bu ilin sonuna qədər hazır olacağı gözlənilir. Araşdırmalar nəticəsində elekt­rik kabelinin optimal xarakteristikası müəy­yənləşdirilib, tikinti xərcləri hesablanıb və layihənin iqtisadi təhlili aparılıb. Həmçinin kabelin quru və dənizdəki hissələrinin ilkin marşrutu təhlil olunub, layihənin icra planı və satınalma strategiyası hazırlanıb. Dəniz dibinin geotexniki, geofiziki, ekoloji və arxeoloji tədqiqatlarının aparılması üçün zəruri işlərin təsviri və tenderlə bağlı tex­niki tapşırıq da tərtib olunub.

Chosen
100
50
xalqqazeti.az

10Sources