Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi mədəni irsimizə aid sərvətlərin saxlanc yeri olmaqla bərabər, elmi və maarifçilik fəaliyyəti də göstərir. 1967-ci ildən fəaliyyət göstərən muzeydə hazırda 60 mindən çox eksponat qorunub saxlanılır.
Çox maraqlı tarixi olan qədim musiqi alətləri muzeydə qayğı ilə qorunur. Orta əsrlərdə istifadə olunmuş, lakin tədricən unudulmuş musiqi alətlərindən çəqanə, çoğur, bərbəd, rübab, rud, ud, nüshə, səntur, çəng, setar, dümbək kimi yadigarlar dünənimizin cal-çağırlı aləminə pəncərə açır.
Qədim alətləri 1990-cı illərdə sənətşünaslıq elmləri doktoru Məcnun Kərimov yenidən bərpa edib. Bu alətlər əsasında muzeyin Qədim Musiqi Alətləri Ansamblı yaradılıb. Dördsimi olan çəqanə 19-cu əsrin sonlarında Azərbaycan ərazisində istifadə edilib. Onu kamançanın “ulu babası” da adlandırırlar. Çoğur sazın qopuzu əvəzləməsi dövründə ortaya çıxıb. İfası daha çox sazın səsini xatırladır. Bərbədin isə maraqlı tarixi var. Adından göründüyü kimi, bu aləti Bərbəd adlı şəxs yaradıb. O, öz dövrünün mahir musiqiçisi sayılıb. Alətin özəlliyi odur ki, yalnız qırmızı çinar ağacından hazırlanır. Onun üzərində yerləşən səs dalğalandırıcılar da məxsusi düşünülüb.
Otaqda nadir bir tar diqqətimizi çəkdi. Məşhur tarzən Şirin Axundova məxsus bu alətin tarixi 1908-ci ilə aiddir. Keçəçi oğlu Məhəmmədin yaşı 1 əsrdən çox qədim qavalı da eksponatlar cərgəsində tarixiliyi ilə seçilir. XVIII əsrə aid bişmiş gil və dəridən hazırlanmış nağara, görkəmli tarzən Qurban Pirimovun tarı da çağdaş musiqisevərlərdə böyük maraq doğurur.
Növbəti otaqda aşıq sənətinə qanad taxan saz, zurna, nağara, balaban və digər musiqi alətləri toplanıb.
Aşıq Hüseyn Saraclının şəxsi əşyaları – sazı, kəməri və çəkmələri, Aşıq Ələsgər, Aşıq Barat, Aşıq Xanlar, Aşıq Sabirə aid sazlar da buradadır. 2 musiqi aləti isə qeyri-adi quruluşu və tarixi ilə heyranlıq yaradır. Onlardan biri 1940-cı illərdə Şuşada hazırlanmış gümüşlə bəzədilən zurnadır. Digər alət isə Vasili Zimovun 1930-cu illərdə düzəltdiyi əsa-sazdır. Bağlananda əsa, açılanda sazı xatırladan musiqi aləti muzeydə nadir eksponatlardan hesab edilir. Deyilənə görə, Vasili Zimov xarici ölkələrin birində bu formada skripka aləti görüb və Bakıya qayıtdıqdan sonra belə bir alət yaratmaq fikrinə düşüb. Sonralar bu alət bir neçə dəfə təkmilləşdirilib.
Növbəti otaqda digər növ musiqi alətləri ilə yanaşı, Azərbaycanın görkəmli musiqiçilərinin əşyaları qorunur. Tarzən Qurban Pirimova dahi bəstəkar Üzeyir Hacıbəylinin hədiyyə etdiyi stəkanaltı ekspozisiyaya əlavə gözəllik verir. Eksponatın üzərində ölməz bəstəkarın “Üzeyirdən Qurbana yadigar” adlı qeydləri yer alıb. Divardan asılmış nəfis tərtibatı və rəng harmoniyası xoş mənzərə yaradan xalça ilə maraqlandıq. Öyrəndik ki, onu Ağdamın Gülablı kənd sakinləri Qurban Pirimova 75 illik yubileyi münasibətilə 1955-ci ildə hədiyyə ediblər.
“Bəstəkarlıq” otağında isə Azərbaycan professional musiqisinin parlaq nümayəndələri Üzeyir Hacıbəylinin, Müslim Maqomayevin və başqalarının fotoları, şəxsi əşyaları və əlyazmaları sərgilənir. Qara Qarayevin kətan üzərində çəkilmiş qeyri-adi portreti də çox möhtəşəm görünür. Əsərin qeyri-adiliyi onun sadəcə quru çay və yapışqandan istifadə olunaraq ərsəyə gətirilməsindədir. Rəsm Ramil Qasımovun əl işidir. Qara Qarayevə məxsus stol və stul dəsti, şkaflar və büst də burada nümayiş olunur.
Digər otaqda dünya xalqlarının musiqi alətlərindən nümaunələr yer alıb. Türkiyə, Hindistan, Çin, İndoneziya, Gürcüstan, Qazaxıstan, Tanzaniya, Qətər, Almaniya və İngiltərənin musiqi alətləri muzeyə gələn hər bir ziyarətçiyə dünya musiqi mədəniyyətinin sərhəd tanımadığını diqtə edir.
Muzeyin “Şuşa musiqiçiləri” salonunda Mir Möhsün Nəvvab, Zülfüqar Hacıbəyov, Niyazi, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov kimi görkəmli bəstəkarlara məxsus materiallar nümayiş olunur. Burada Üzeyir Hacıbəylinin Şərqdə ilk opera olan “Leyli və Məcnun” operasının afişası və ilk tamaşasının “Kaspi” qəzetində dərc olunmuş xəbəri də saxlanılır. Azərbaycanın xalq rəssamı Arif Hüseynovun “Üzeyir dünyası” adlı rəsmində isə Üzeyir Hacıbəyli və onun yaratdığı obrazlar əks olunub.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizin qəhrəmanlıq rəmzi kimi Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalında çəkilən şəkillər də otağı bəzəyir.
Hazırda muzeydə 300-dən çox musiqi aləti qorunub saxlanılır. Bunlar həm Azərbaycan, həm də xarici ölkələrin musiqi alətləridir. Şərq musiqi alətləri daha çox maraq doğurur. Dünyanın müxtəlif xalqlarının musiqi alətləri xüsusi kolleksiyada təqdim edilir. Bundan əlavə, muzeydə 12 nadir musiqi qutusu mühafizə olunur. Keçəçioğlu Məhəmməd, Həqiqət Rzayeva, Xan Şuşinski, Qurban Pirimov, Hüseyn Saraclı kimi muğam və aşıq sənəti ifaçılarına, milli bəstəkarlıq məktəbinin korifeyləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev və Fikrət Əmirova, vokal məktəbinin ustadları Bülbül və Şövkət Məmmədovaya, ilk azərbaycanlı balerina Qəmər Almaszadə və başqalarına məxsus materiallar muzeyi daha da zənginləşdirir.
Musiqi mədəniyyətimizin qədimliyini əks etdirən və çoxsaylı tarixi eksponatları qoruyub saxlayan bu muzey əsrlərdən-əsrlərə körpü olan tarixi məkandır.
Ceyhun ALIŞLI
XQ