AZ

Musiqi mədəniyyətimizin zəngin saxlancı

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi mədəni irsimizə aid sər­vətlərin saxlanc yeri olmaqla bərabər, elmi və maarifçilik fəaliyyəti də göstə­rir. 1967-ci ildən fəaliyyət göstərən muzeydə hazırda 60 mindən çox eksponat qorunub saxlanılır. 

Çox maraqlı tarixi olan qədim musiqi alətləri muzeydə qayğı ilə qorunur. Orta əsrlərdə istifadə olunmuş, lakin tədricən unudulmuş musiqi alətlərindən çəqanə, ço­ğur, bərbəd, rübab, rud, ud, nüshə, səntur, çəng, setar, dümbək kimi yadigarlar dünə­nimizin cal-çağırlı aləminə pəncərə açır.

Qədim alətləri 1990-cı illərdə sənətşü­naslıq elmləri doktoru Məcnun Kərimov yenidən bərpa edib. Bu alətlər əsasında muzeyin Qədim Musiqi Alətləri Ansamb­lı yaradılıb. Dördsimi olan çəqanə 19-cu əsrin sonlarında Azərbaycan ərazisində istifadə edilib. Onu kamançanın “ulu ba­bası” da adlandırırlar. Çoğur sazın qopuzu əvəzləməsi dövründə ortaya çıxıb. İfası daha çox sazın səsini xatırladır. Bərbədin isə maraqlı tarixi var. Adından göründüyü kimi, bu aləti Bərbəd adlı şəxs yaradıb. O, öz dövrünün mahir musiqiçisi sayılıb. Alətin özəlliyi odur ki, yalnız qırmızı çi­nar ağacından hazırlanır. Onun üzərində yerləşən səs dalğalandırıcılar da məxsusi düşünülüb. 

Otaqda nadir bir tar diqqətimizi çəkdi. Məşhur tarzən Şirin Axundova məxsus bu alətin tarixi 1908-ci ilə aiddir. Keçəçi oğlu Məhəmmədin yaşı 1 əsrdən çox qədim qa­valı da eksponatlar cərgəsində tarixiliyi ilə seçilir. XVIII əsrə aid bişmiş gil və dəridən hazırlanmış nağara, görkəmli tarzən Qur­ban Pirimovun tarı da çağdaş musiqisevər­lərdə böyük maraq doğurur. 

Növbəti otaqda aşıq sənətinə qanad taxan saz, zurna, nağara, balaban və digər musiqi alətləri toplanıb. 

Aşıq Hüseyn Saraclının şəxsi əşyaları – sazı, kəməri və çəkmələri, Aşıq Ələs­gər, Aşıq Barat, Aşıq Xanlar, Aşıq Sabirə aid sazlar da buradadır. 2 musiqi aləti isə qeyri-adi quruluşu və tarixi ilə heyranlıq yaradır. Onlardan biri 1940-cı illərdə Şu­şada hazırlanmış gümüşlə bəzədilən zurna­dır. Digər alət isə Vasili Zimovun 1930-cu illərdə düzəltdiyi əsa-sazdır. Bağlananda əsa, açılanda sazı xatırladan musiqi alə­ti muzeydə nadir eksponatlardan hesab edilir. Deyilənə görə, Vasili Zimov xarici ölkələrin birində bu formada skripka aləti görüb və Bakıya qayıtdıqdan sonra belə bir alət yaratmaq fikrinə düşüb. Sonralar bu alət bir neçə dəfə təkmilləşdirilib. 

Növbəti otaqda digər növ musiqi alət­ləri ilə yanaşı, Azərbaycanın görkəmli musiqiçilərinin əşyaları qorunur. Tarzən Qurban Pirimova dahi bəstəkar Üzeyir Hacıbəylinin hədiyyə etdiyi stəkanaltı eks­pozisiyaya əlavə gözəllik verir. Ekspona­tın üzərində ölməz bəstəkarın “Üzeyirdən Qurbana yadigar” adlı qeydləri yer alıb. Divardan asılmış nəfis tərtibatı və rəng harmoniyası xoş mənzərə yaradan xalça ilə maraqlandıq. Öyrəndik ki, onu Ağdamın Gülablı kənd sakinləri Qurban Pirimova 75 illik yubileyi münasibətilə 1955-ci ildə hədiyyə ediblər. 

“Bəstəkarlıq” otağında isə Azərbaycan professional musiqisinin parlaq nümayən­dələri Üzeyir Hacıbəylinin, Müslim Maqo­mayevin və başqalarının fotoları, şəxsi əşyaları və əlyazmaları sərgilənir. Qara Qarayevin kətan üzərində çəkilmiş qey­ri-adi portreti də çox möhtəşəm görünür. Əsərin qeyri-adiliyi onun sadəcə quru çay və yapışqandan istifadə olunaraq ərsəyə gətirilməsindədir. Rəsm Ramil Qasımovun əl işidir. Qara Qarayevə məxsus stol və stul dəsti, şkaflar və büst də burada nümayiş olunur.

Digər otaqda dünya xalqlarının musiqi alətlərindən nümaunələr yer alıb. Türkiyə, Hindistan, Çin, İndoneziya, Gürcüstan, Qazaxıstan, Tanzaniya, Qətər, Almani­ya və İngiltərənin musiqi alətləri muzeyə gələn hər bir ziyarətçiyə dünya musiqi mədəniyyətinin sərhəd tanımadığını diqtə edir. 

Muzeyin “Şuşa musiqiçiləri” salonun­da Mir Möhsün Nəvvab, Zülfüqar Hacıbə­yov, Niyazi, Soltan Hacıbəyov, Əşrəf Ab­basov, Süleyman Ələsgərov kimi görkəmli bəstəkarlara məxsus materiallar nümayiş olunur. Burada Üzeyir Hacıbəylinin Şərq­də ilk opera olan “Leyli və Məcnun” ope­rasının afişası və ilk tamaşasının “Kaspi” qəzetində dərc olunmuş xəbəri də saxlanı­lır. Azərbaycanın xalq rəssamı Arif Hüsey­novun “Üzeyir dünyası” adlı rəsmində isə Üzeyir Hacıbəyli və onun yaratdığı obraz­lar əks olunub. 

44 günlük Vətən müharibəsində qazan­dığımız şanlı Qələbəmizin qəhrəmanlıq rəmzi kimi Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalında çəkilən şə­killər də otağı bəzəyir. 

Hazırda muzeydə 300-dən çox musiqi aləti qorunub saxlanılır. Bunlar həm Azər­baycan, həm də xarici ölkələrin musiqi alətləridir. Şərq musiqi alətləri daha çox maraq doğurur. Dünyanın müxtəlif xalq­larının musiqi alətləri xüsusi kolleksiya­da təqdim edilir. Bundan əlavə, muzeydə 12 nadir musiqi qutusu mühafizə olunur. Keçəçioğlu Məhəmməd, Həqiqət Rzaye­va, Xan Şuşinski, Qurban Pirimov, Hüseyn Saraclı kimi muğam və aşıq sənəti ifaçı­larına, milli bəstəkarlıq məktəbinin kori­feyləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev və Fikrət Əmirova, vo­kal məktəbinin ustadları Bülbül və Şövkət Məmmədovaya, ilk azərbaycanlı balerina Qəmər Almaszadə və başqalarına məxsus materiallar muzeyi daha da zənginləşdirir. 

Musiqi mədəniyyətimizin qədimliyini əks etdirən və çoxsaylı tarixi eksponatları qoruyub saxlayan bu muzey əsrlərdən-əs­rlərə körpü olan tarixi məkandır.

Ceyhun ALIŞLI
XQ

Seçilən
153
xalqqazeti.az

1Mənbələr