EN

Azərbaycan klublarına xarici investisiya yatırıla bilər? - RƏY

Son illərdə dünyanın müxtəlif liqalarındakı futbol klublarının xarici investorlara satıldığını görürük.

Bu tendensiya getdikcə artmaqdadır. Üstəlik, bu satışlardan sonra həmin klublar xeyli inkişaf edir və çempionluq uğrunda mübarizə aparırlar. Həmçinin, xarici investorların sərmayə yatırdığı komandalar səs-küylü transferlər edirlər, eləcə də uğurlu nəticələrə nail olurlar. 

Maraqlıdır, Azərbaycan klublarına da xarici investisiya yatırıla bilər? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol eksperti Aslan Kərimov bildirib ki, istənilən futbol klubumuza investisiya qoyulduğu halda, maddi tərəfdən yüksələcək:

357484

"Bu isə klubun uğurlu nəticələr əldə etməsini asanlaşdıracaq. Yəni uğura nail olma prosesi daha tez baş verə bilər. Ona görə də bu, yaxşı addım olardı. Amma bunun olacağına şübhə ilə yanaşıram. Çünki xarici investorlar futbola pul qazanmaq üçün investisiya yatırırlar. Heç kim qarşılıqsız şəkildə bu addımı atmır". 

Mütəxəssis qeyd edib ki, Azərbaycan klublarına belə bir investisiya etmək hələlik rentabelli görünmür:

"Həm ölkəmizdə böyük azarkeş kütləsinin olmaması, həm də daxili çempionatımızın özünün reytinqinin aşağı olması da xarici investorlar üçün cəlbedici gəlmir. Onlar, Avstriya, Almaniya, İspaniya kimi ölkələrdə hansısa ortabab komandaya investisiya buraxaraq onu yüksəldə bilirlər. 

Azərbaycanda isə bunu etmək bir az çətin görünür. Bu, hələ ki, mümkün məsələyə oxşamır. Yaxın 10 ildə bunun baş verəcəyini də düşünmürəm. Bəlkə dövlət proqramı olduğu halda yerli şirkətlər böyük investisiyalar buraxa bilərlər. Hazırda isə xarici investorların gəlməsi üçün zəminin olmadığı qənaətindəyəm".

Pərviz

Chosen
172
hit.az

1Sources