EN

Qəddar diktatora rəğbət: “Ölüm maşını” GERİ QAYIDIR – FOTOLAR

“Rusiya Nazirlər Kabinetinin sərəncamı ilə “Siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Siyasəti Konsepsiyası”nda dəyişikliklər edilib. Sənəddən repressiyalarla bağlı “kütləvi” sözü çıxarılıb. Yəni demək istəyiblər ki, keçmiş SSRİ-də repressiyalar kütləvi xarakter daşımayıb, milyonlarla insan repressiya qurbanı olmayıb”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, sözügedən sənəddə sovet illərində məcburi kollektivləşdirmə və bununla bağlı aclıqdan danışılmır.

Politoloqun sözlərinə görə, sovet hakimiyyəti illərində müttəfiq respublikalarda milyonlarla insan zorakı kollektivləşmənin və bunun nəticəsində yaranan aclığın qurbanı olub: “Göründüyü kimi, Moskva qanlı sovet tarixini dəyişdirməyə, Stalin repressiyalarını yumşaltmağa çalışır. Kremlin Stalinə sevgisi bəllidir, elə Rusiyada keçirilən sorğular da qəddar diktatora rəğbətin olduğunu göstərir”.

E.Şahinoğlu deyib ki, Stalinin “ölüm maşını” Azərbaycandan da yan keçməyib: “Minlərlə ziyalımız repressiyanın qurbanı olub. Rusiya hökuməti “kütləvi” sözünü sənəddən çıxarsa da, bu, repressiya aparatının məğzini dəyişdirməyəcək. Bu gün Ukraynanın bombalanan şəhərlərində insanlar ölürsə, Rusiyada kimsə “müharibəni dayandırmaq lazımdır” sözünə görə həbs olunursa, demək repressiya hələ bitməyib”.

Ayşən RƏHİM

Chosen
148
2
medianews.az

4Sources