Samsung şirkəti 3 cihazının dəstəyinin rəsmi şəkildə dayandırdığını elan edib. Onlardan biri smartfon, ikisi isə planşetdir. Söhbət, Galaxy Flip 5G smartfonundan və Galaxy Tab S7 ilə Galaxy Tab S7+ planşetlərindən gedir. Adları sadalanmış bu cihazlar 2020-ci ilin avqust ayında təqdim edilmişdi. Nəticədə şirkət onların dəstəklərini 4 il ərzində təmin etdi. Qeyd etmək lazımdır ki, bu cihazlar üçün Android yenilənmələri ilə yeni funksiyaların təqdim edilməsi keçən il dayandırıldı. Keçən ildən başlayaraq onlar yalnız təhlükəsizlik yenilənmələrini əldə edirdilər. Bu aydan başlayaraq isə cihazlar artıq təhlükəsizlik yenilənmələrini də əldə etməyəcəklər. Bununla belə Galaxy Tab S7 FE planşeti təhlükəsizlik yenilənmələrini gələn ilin mart ayına kimi əldə etməyə davam edəcək. Belə ki, sözügedən planşet 2021-ci ilin mart ayında təqdim olunmuşdu.