EN

Çin 3 il ərzində Afrika ölkələrinə 50 milyard dollardan çox pul xərcləyəcək

Yaxın üç ildə Çin region ölkələrinin və ümumilikdə Afrika qitəsinin inkişafı və modernləşdirilməsini sürətləndirmək üçün Afrika ölkələrinə on milyardlarla dollar maliyyə və iqtisadi yardım və investisiyalar etməyi planlaşdırır.

Valyuta.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Szinpin Pekində keçirilən 9-cu Çin-Afrika Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

"Çin və Afrika dünya əhalisinin üçdə birini təşkil edir. Modernləşməmiz olmadan qlobal yeniləşmə və tərəqqi olmayacaq, ona görə də qarşıdakı üç il ərzində Çin Afrika ilə on genişmiqyaslı modernləşdirmə tərəfdaşlığı tədbirini həyata keçirmək üçün işləyəcək", deyə Si bildirib.

Onun sözlərinə görə, bunun üçün Çin hökuməti Afrika tərəfdaş ölkələrinə qarşıdakı üç ildə 360 milyard yuan (50 milyard dollardan çox) maliyyə dəstəyi verəcək ki, bunun da 210 milyard yuanı (29,5 milyard dollar) kreditlər, 80-i milyard yuan (təxminən 11,2 milyard dollar) müxtəlif formalarda yardım və ən azı 70 milyard yuan (9,8 milyard dollar) Çin şirkətləri tərəfindən Afrikaya investisiya şəklində olacaq.

"Çin həmçinin Afrika ölkələrini panda istiqrazlarının (yuanla ifadə olunan borc alətləri - red.) buraxılmasını təşviq edəcək və dəstəkləyəcək", deyə Çin prezidenti əlavə edib.

Pekin Afrikada müasir kənd təsərrüfatının inkişafına dəstək verməyə xüsusi diqqət yetirir:

"Çin Afrikaya 1 milyard yuan (140 milyon dollar) təcili ərzaq yardımı edəcək və region ölkələrində təxminən 6,7 min hektar sahədə standartlaşdırılmış kənd təsərrüfatı nümayişi sahələri tikəcək".

O, Çindən 500 kənd təsərrüfatı mütəxəssisinin Afrikanın tərəfdaş ölkələrinə göndərilməsi və kənd təsərrüfatında innovasiyaların tətbiqi qayğısına qalacaq assosiasiyanın yaradılması planlarından danışıb. Çin lideri həmçinin ölkə hökumətinin yoxsulluqla mübarizədə səylərini dəstəkləmək üçün iqtisadiyyatı zəif inkişaf etmiş tərəfdaş ölkələrin məhsullarına idxal rüsumlarını birtərəfli qaydada ləğv etmək niyyətini açıqlayıb:

"Biz Çinlə diplomatik əlaqələri olan dünyanın ən zəif inkişaf etmiş ölkələrinin hamısına, o cümlədən 33 Afrika ölkəsinə məhsullarının hamısına 100 faiz sıfır tarif rejimi vermək qərarına gəldik".

Bundan əlavə, yaxın üç ildə Pekin Afrikada ən azı 30 yeni irimiqyaslı infrastruktur layihəsi həyata keçirməyi, 30 təmiz enerji layihəsini işə salmağı, Çin-Afrika Xəstəxanalar və Tibb Mərkəzləri Alyansı yaratmağı və Afrikaya 2000 həkim göndərməyi planlaşdırır. O cümlədən Afrikadan 6000 hərbi qulluqçu və 1000 polis və hüquq-mühafizə orqanı əməkdaşının təhsili üçün 1 milyard yuan (140 milyon dollar) hərbi yardım qrantı ayıracaq.

Paşa Məmmədli

Chosen
188
5
valyuta.az

10Sources