Həsən Əliyev – 100
Görkəmli hüquqşünas, uzun illər Azərbaycan Ali Məhkəməsinin hakimi və sədr müavini olmuş Həsən Əliyevin 100 yaşı tamam olur. Ömrünü insanların hüquq və azadlıqlarının qorunmasına həsr etmiş bu insan illər keçsə də unudulmur, tanıyanların xatirəsində ədalətli və prinsipial hakim, etibarlı dost, vicdanlı hüquqşünas, qayğıkeş valideyn kimi yaşayır.
Həsən Hüseyn oğlu Əliyev 1924-cü ildə anadan olub. Gənc yaşlarında Dünya müharibəsinə göndərilib, göstərdiyi hərbi rəşadətlərinə görə çoxsaylı orden və medallarla təltif olunub. O, cəbhədən qayıtdıqdan sonra BDU-nun hüquq fakültəsini bitirib, Hərbi Tribunalda, Zaqafqaziya və Azərbaycan Nəqliyyat prokurorluqlarında, hakim və sədr vəzifələrində çalışıb. 1957-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinə üzv seçilib və 1990-cı ildə pensiyaya çıxana kimi orada çalışıb. 1972–1980-ci illərdə Ali Məhkəmənin sədr müavini olub. Həsən Əliyev birinci ixtisas dərəcəli hakim idi.
Ali Məhkəmədə 33 il çalışan Həsən Əliyevi bu qurumun sabiq sədri Abdulla İbrahimov belə səciyyələndirmişdi:
– Həsən Əliyevlə Ali Məhkəmədə 18 il birgə işləmişik. Mən sədr olmuşam, o da müavin. Həsənin ən gözəl cəhətlərindən başlıcası 2 əsas məfhuma həssaslıqla yanaşmasında idi: səlahiyyət və hakimiyyət. Bir çox hallarda müəyyən vəzifəyə təyin olunmuş adamlar bunu ayırd edə bilmədiklərindən qanunsuzluğa, ədalətsizliyə yol verirlər. Həsənin ən nümunəvi cəhəti fəaliyyətini səlahiyyəti çərçivəsində həyata keçirməsində idi. Mən fəaliyyətim boyu heç kimdə Həsən Əliyev qədər səlahiyyətinə sadiq şəxsə rast gəlməmişəm.
Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, professor Murtuz Ələsgərovun Həsən Əliyev haqqında dedikləri:
– Biz uşaqlıqdan 3 dost olmuşuq: Məmməd Xələfov, Həsən Əliyev və mən. Orta məktəbi də, ali məktəbi də birgə oxumuşuq. Həsən həmişə tələbələr arasında öz zəkası, seminarlarda cavab vermək bacarığı, hər bir mühazirə ətrafında analitik diskusiya açmaq istedadı ilə hamıdan fərqlənirdi. Həsən müəllim daim ədalət axtarışında idi. İcraatında olan cinayət işlərinin hər detalına, cümləsinə qədər araşdırar, nəticə çıxarmağa tələsməz, tam əmin olandan sonra qərar verərdi. O, görkəmli hüquqşünas olmaqla yanaşı, həm də sadiq ailə başçısı, gözəl ata idi.
Həsən Əliyevin həmkarlarından daha biri – Baş prokurorun müavini və Milli Məclisin sədrinin müavini olmuş Zakir Zeynalovun dediklərindən:
– Həsən müəllim əsl hakim idi. Davranışı da, mədəniyyəti də, özünü aparması da nümunə idi. Öz iradəsini zorla başqasına yeritməyə çalışmaz, həmkarlarının fikrini öyrənərdi. Ali həqiqət harda idisə, Həsən müəllim də məhz orda olurdu. Mən onun bir dəfə də olsun haqsız qərar qəbul etdiyini görməmişəm.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də Həsən Əliyevi kamil bir hüquqşünas, əsl ziyalı kimi xatırlayır:
– 1980-ci ildə təyinatla Ali Məhkəməyə məsləhətçi kimi işə başlayanda o zaman məhkəmə sistemində sayılan və hörmət sahibi olan hakimlərdən biri olan Həsən Əliyevlə tanış oldum. O, son dərəcə ciddi bir insan olduğundan çox danışmağı sevməzdi. Lakin hüquq elmini hədsiz sevdiyinə görə vaxtının azlığına baxmayaraq, biz gənclərin ona olan müraciətlərini səbrlə dinləyər, geniş fikir mübadiləsi aparardı. Onun müdrik bir kəlamı bu gün də yaxşı yadımdadır: “İnsan öz hərəkətləri qarşısında məsuliyyət daşıyır. Hüquqşünasın məsuliyyəti isə ikiqat artıqdır – həm sözləri, həm də hərəkətləri qarşısında”.
Həsən müəllimin xatirəsi həmkarlarına, bütün tanıyanlara ona görə əzizdir ki, öz bilik və təcrübəsini gənclərə çatdırmaqdan zövq alıb. O, cəmiyyətdə ədalətli və humanist hakim kimi tanınıb. Onun hüquqşünas kredosu belə olub: “Hakim qəbul etdiyi hər hansı qərara görə qanuni izah verə bilmirsə, əsassız hökm çıxarmaqdan çəkinməlidir. Hər bir cinayət işinin arxasında canlı insan, onun ailəsi, taleyi durur”. O, məhkəmə səhvlərinin mövcudluğunu da inkar etməzdi: “Elə səhvlər var, onları düzəltmək mümkündür. Səhvlər də var ki, onların islahı müşküldür, ya da mümkün deyil. Ona görə də qərar verəndə yüz ölçüb, bir biçmək lazımdır. Hökm vermə prosesində tələskənliyə yol vermək olmaz”.
Sovet dövrünün son illərində Həsən Əliyev Sabir Rəzzaqov və Kamal Musayev də daxil olmaqla Ali Məhkəmədə ən ağır cinayət işlərinə baxan 3 təcrübəli hakimdən biri olub. Hələ 1989-cu ildə məşhur Sumqayıt hadisələri zamanı törədilmiş cinayət işləri üzrə məhkəmə baxışının icraatı da məhz Həsən Əliyevə tapşırılıb. Son dərəcə ağır olan bu cinayət işi barədə ədalətli qərar çıxarmaq üçün Həsən müəllim gecəli-gündüzlü çalışaraq işin mahiyyətini dərindən öyrənib, xüsusatları ətraflı araşdırıb. Bundan sonra o, qətiyyətli addım ataraq ədalətli hökm çıxarmağa nail olub. O, son hökmünü yuxarıdan gələn göstərişlərə baxmadan, vicdanının hökmü ilə elan edib. Lakin bu hökm, sonralar SSRİ rəhbərliyinin xoşuna gəlməyib və o, cəza tədbiri olaraq 1990-cı ildə yenidən hakim seçkisindən uzaqlaşdırılıb.
Həsən Əliyev bu ədalətsizliyin nəticəsində işsiz qalanda o vaxtlar Bakı Şəhər Məhkəməsinin sədri olmuş İkram Kərimov onu məhkəmədə məsləhətçi işləməyə dəvət edib:
– Həsən müəllimin təqaüdə göndərilməsi səhv addım idi. O hələ çox işləyə bilər, gənc hakimlərin yetişməsinə daha çox kömək ola bilərdi. Həsən Əliyevin şəhər məhkəməsinə gəlişi ruh yüksəkliyi ilə qarşılandı. Keçmiş tələbələri, diplomuna imza etdiyi şəxslər, vaxtilə işə götürdüyü və bərabər çalışdığı hüquqşünaslar ona böyük ehtiramla yanaşırdılar. Ömrünün son günlərini mənimlə birlikdə keçirməsini məmnunluqla xatırlayıram. O zaman 32 illik təcrübəmə baxmayaraq hər gün Həsən müəllimdən nəsə öyrənirdim.
Həsən müəllimin xoşbəxtliyi bir də ondadır ki, bu gün onun yolunu həmkarları, tələbələri və övladları davam etdirirlər. 2 oğlu, 4 nəvəsi, 8 nəticəsi var. Oğlu hüquq elmləri doktoru, professor Namiq Əliyevin Qarabağ həqiqətləri ilə bağlı sanballı kitabları və məqalələri 13 xarici dilə tərcümə olunub. Nəvələrinin 3-ü babasının yolunu davam etdirir – biri hüquq üzrə elmlər doktoru, biri isə fəlsəfə doktorudur.
Göründüyü kimi, Həsən Əliyev öz təcrübəsi və tövsiyələri ilə onlarla hüquqşünasın püxtələşməsinə yardımçı olub. O, mənalı ömrünü cəmiyyətdə ədalətin bərqərar olmasına həsr edib. Buna görə də onu tanıyanların qəlbində xoş xatirələrlə yaşayır.
Aydın AĞAZADƏ,
Əməkdar jurnalist