EN

Sülhə “ev sahibliyi”: Vasitəçiyə ehtiyac yoxdur

Gürcüstan Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlara ev sahibliyi etmək istəyir. 

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığında bu məsələ də müzakirə olunub. 

Gürcüstanın qanunverici orqanının mətbuat xidməti məlumatın məlumatına görə, N. Samxaradze A. Mirzoyana Tbilisinin Avropa İttifaqına inteqrasiya təcrübəsini İrəvanla bölüşməyə hazır olduğunu bildirib. 

“Nikoloz Samxaradze bir daha qeyd edib ki, gürcü tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə və Avropa İttifaqına inteqrasiya təcrübəsini bölüşməklə Ermənistana kömək etməyə hazırdır”, - deyə N. Saxmaradze bildirib. 

Azərbaycan ilə Ermənistan arasında ikitərəfli formada danışıqların davam etdiyi təqdirdə Tiflisin sülh danışıqlarına ev sahibliyi etməsi nə dərəcədə məqbul hesab oluna bilər? Gürcüstanın bu prosesdə təşəbbüskeşliyi nəticə verə bilər? 

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cümhuriyət”-ə şərhində qeyd edib ki, ikitərəfli formatda görüşlərin təşkili və danışıqların keçirilməsi hər iki tərəf üçün daha münasibdir: 

“Sərhədlərin delimitasiyası ilə bağlı ortaq komissiyanın əsasnaməsinin təsdiqlənməsi ikili müstəvidə istənilən məsələnin müzakirə olunmasının mümkünlüyünü ortaya qoyur. 

Əslində bu məqam həm Azərbaycanın, həm də Ermənistanın mövqelərini gücləndirən amildir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün Moskvada keçirilməsi təklif olundu. Buna Azərbaycan etiraz etməsə də, Ermənistan tərəfi üçün məqbul deyil. Baş nazir Nikol Paşinyan Vladimir Putinlə son telefon danışığında bildirib ki, İrəvan və Bakı heç bir vasitəçiyə ehtiyac duymadan ikili müstəvidə bir sıra məsələləri razılaşdıra bilərlər. 

Azərbaycan da ikitərəfli danışıqların daha məqbul olduğunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, Azərbaycan-Ermənistan sərhədində ikitərəfli görüşlərin keçirilməsi mümkündür. Azərbaycan-Ermənistan sərhədinin Qazax-Novenberyan istiqamətində hər iki ölkənin dövlət başçılarının görüşünü təmin etmək olar. 

Bu müəyyən mənada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda müsbət dinamika yaradar. Qazax-Novenberyan istiqamətində və ya sərhədin digər istiqamətlərində ikitərəfli görüşlərin keçirilməsi çərçivə və ya sülh sazişinin imzalanmasına, hətta bu müqavilənin imzalanmasından sonra dövlətlərarası diplomatik münasibətlərin tənzimlənməsinə mühüm töhfə verə bilər. Ona görə də Azərbaycan və Ermənistanın dövlət başçıları və ya yüksək rütbəli rəsmiləri arasında görüşlər Tiflisdə deyil, məhz Azərbaycan-Ermənistan sərhədində keçirilməsi daha məqbuldur”. 

Natiq Mirinin fikrincə, məhz ikitərəfli formatda danışıqlar vasitəsilə bir çox problemləri həll etmək olar: 

“Əgər Azərbaycan ilə Ermənistan arasında ikitərəfli formatda danışıqlar uğurla davam edirsə və hər iki tərəf ortaq mövqeyə gəlirsə, Gürcüstanın və ya üçüncü dövlətin vasitəçiliyinə ehtiyac yoxdur”. 

Chosen
210
50
cebheinfo.az

10Sources