Donald Tramp ABŞ-ın milli təhlükəsizliyi əsas gətirərək, çoxmillətli proqram sayılan yeni nəsil F-35 qırıcı təyyarələrinin bütün komponentlərinin ölkə daxilində istehsalına çağırıb.
Tramp bildirib ki, noyabrdakı prezident seçkilərində qalib gələrsə milli təhlükəsizlik üçün lazım olan bütün materialların ABŞ-da istehsal olunmasını istəyəcəyik ki, bu da milyonlarla yeni iş yeri yaradılması deməkdir.
“Bilirsiniz, bizdə F-35-in qanadları bir ölkədə, quyruq sükanları başqa bir ölkədə, oturacaqları başqa ölkədə, elektron komponentləri isə yeddi müxtəlif ölkədə istehsal edilir" - deyən Tramp bildirib ki, "müharibə olarsa və bu ölkələrin yarısı ilə müharibə vəziyyətində olsaq, biz nə edəcəyik?".
O, müharibə istəmədiklərini, lakin 3-cü Dünya Müharibəsinə əvvəlkindən daha yaxın olduqlarını iddia edib.
Qeyd edək ki, nüvə başlıqları daşıya bilən çoxməqsədli F-35 yeni nəsil döyüş təyyarələrinin hazırlanmasında ABŞ-la yanaşı 7 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland və Norveç iştirak edir.
TAHİR