"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın diplomatiya idarəsinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavabında bildirib.Görünən odur ki, Fransa- konkret olaraq Makron hakimiyyəti Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkmək niyyətində deyil..Milli Məclisin deputatı Tahir Rzayev məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransanın Xarici işlər Nazirliyinin Azərbaycanda Fransa vətəndaşlarının saxlanılması və hər dəfə alındığı barədə söylədiyi iddialar tamamilə əsassızdır və reallıqları əks etdirmir: “Bu gün Azərbaycanda ictimai-siyasi sabitlikdir. Heç bir xarici ölkə vətəndaşına qarşı təhdidlər yoxdur. Onların ölkədə normal işləməsi üçün şərait yaradılmışdır. Sözügedən ittiham əsasında hazırlanmış əsassız bəyanat, Fransanın yeni bir dezinformasiya nümunəsidir”.Deputat qeyd edib ki, bu Azərbaycana qarşı böhtan kampaniyasının tərkib hissəsidir: “Bu barədə Azərbaycan xarici işlər nazirliyi mətbuat xidmətinin idarəsinin rəisi Ayxan Hacızadə də öz münasibətini bildirmişdi. Əlbəttə ki, belə fikirlər, əsassız iddialar heç bir dövlətə müsbət imic qazandıra bilməz.Fransa uzun illərdir ki, Azərbaycan dövlətinə, xalqına qarşı böhtan, şantaj kampaniyası həyata keçirir. Azərbaycanın uğurlarına kölgə salmaq yolunu tutub. Azərbaycan həqiqətləri təhrif olunur və düşmən mövqeyi tutularaq təcavüzkar Ermənistanı silahlandırmaqdadır. Bu hallar beynəlxalq hüquq normalarına, qəbul olunmuş konvensiyalara, sazişlərə tamamilə ziddir. Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycana təhdidlər ünvanlamaq, qərəzli mövqedən çıxış etmək Fransa kimi bir dövlətə yaraşmır və onun demokratik imicinə ciddi zərbə vurur”.Deputat bildirib ki, Fransa prezidenti Emmanuel Makron başda olmaqla, Fransanın hakim idarələri bu yolu davam etdirirlər və özlərinin məkrli məqsədlərini həyata keçirmək üçün çirkin vasitələrə əl atırlar.“Sözsüz ki, bu da müəyyən dairələrin təhriki əsasında baş verir. Erməni lobbisinin, eləcə də Qərbin müəyyən dairələrinin fikirlərini Fransa cəmləşdirərkən özünün çirkin niyyətlərini həyata keçirməkdədir. Ancaq, Azərbaycan xalqı, dövləti, prezidenti bütün belə təhdidlərə, şantaj kampaniyalarına səbrlə, təmkinlə yanaşır və reallıqları dünyaya çatdırmaq üçün səylər birləşdirirlir və həqiqətlər bəyan olunur.Fransanın tutduğu yol Ermənistanı yenidən müharibəyə təhrik etmək, onu silahlandırmaq, sözsüz ki, təcavüzkar ölkənin yenidən məğlubiyyətə uğraması acınacaqlı vəziyyətə düşməsi deməkdir. Bunu sadə erməni xalqı yaxşı bilir. Ancaq, çox təəssüflər olsun ki, Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqının, sülhsevər xalqın müəyyən tələblərini bir kənara ataraq təcavüzkar dövlətlərlə, müstəmləkəçi ölkələrlə əlaqələri möhkəmləndirərək yenidən revanş götürmək və sabitliyi pozmaq fikrindədir. Bu prosesdə Fransa yaxından iştirak edir. Onun məqsədi Ermənistan xalqını ağ günə çıxarmaq yox, Cənubi Qafqazda möhkəmləndirmək, müəyyən məkrli planları həyata keçirməkdir. Ancaq, bu heç vaxt mümkün olan deyil”-deyən deputat vurğulayıb ki, Azərbaycan prezidenti dünyada öz siyasəti ilə öncül yerdədir və onun səsi eşidilir.“Prezident İlham Əliyevin sülh, demokratiya, azadlıq uğrunda apardığı mübarizə bütün dünyaya yaxşı məlumdur. Azərbaycan ordusu güclüdür. Azərbaycan xalqı birdir. Ona görə də belə şantaj xarakterli bəyanatlar və əsassız iddialar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna heç bir mənfi təsir göstərə bilməz. Fransa, eləcə də onun oyuncağına çevrilmiş Ermənistan bunu dərk etməlidir”-deyə Tahir Rzayev əlavə edib.