EN

Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu- 130 milyon...

Image

“USAID bu tip əməlləri ilə kimliyini, “ali məqsədlər”ini ortaya qoyur”

Amerika Birləşmiş Ştatlarında (ABŞ) bəzi ermənipərəst təşkilatlar Ermənistanı yemləməkdə davam edir. Xaricdəki havadarlarının ianəsindən asılı olan Ermənistan zaman-zaman müxtəlif beynəlxalq təşkilatlardan maliyyə yardımı alıb.  

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) də mütəmadi olaraq bu ölkəyə yardımlar edir. 

Mətbuatda yayılan məlumata görə, USAID Ermənistana yardımın həcmini 130 milyon dollar artıracaq.

Belə ki, Ermənistan Nazirlər Kabinetinin iclasında 2022-ci il iyunun 29-da sözügedən ölkə və USAID arasında imzalanmış qrant sazişinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi təsdiq edilib.

Yardımın artırılması ilə USAID Ermənistana ümumi investisiyasını 250 milyon dollara çatdıracaq.

Əlavə vəsait səmərəli və hesabatlı idarəetmənin institutsionallaşdırılması, demokratik birliyin möhkəmləndirilməsi, iqtisadi idarəetmənin gücləndirilməsi və hədəf sektorun rəqabət qabiliyyətinin artırılması üçün nəzərdə tutulub.

USAID   yardım məsələsində ayrıseçkiliyə yol verir. Azərbaycan müharibədən çıxmış, əraziləri dağıdılmış bir ölkədir. Ermənistan isə müharibə görməyib, dağılmış ölkə deyil, bu ölkənin ərazisində hərbi əməliyyatlar getməyib. Amma USAID-ın Azərbaycana yox, Ermənistana əlavə yardım göstərməsi hələ də Amerika siyasətində davam edən ikili standartların nümunəsidir. 

Əsasən də USAID-in rəhbəri Samanta Pauerin bu ayrıseçkiliyi erməni lobbisi ilə qeyri-şəffaf əlaqələrindən xəbər verirmi? Bu yardım USAID-in rəhbəri Samanta Pauerin ABŞ-dakı erməni lobbisi, erməni diasporu ilə qeyri-şəffaf əlaqələrinin nəticəsi sayıla bilərmi?

“ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsində tutduğu mövqe bu ölkənin haqqa, ədalətə verdiyi qiymətin təzahürüdür. Günahkarı, işğalçını, təcavüzkarı qınamaq, ona lazım olduğu yeri göstərmək əvəzinə onu mükafatlandırmaq nümunəsi də Vaşinqtona aiddir. “907-ci düzəliş” adlanan, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəliş Amerika tarixində silinməyəcək qara ləkədir. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirib. Qəribədir, nəzərə alsaq ki, ABŞ yalnız münaqişənin əhatə dairəsini azaltmaq, zorakılığın, qeyri-sabitliyin, transmilli cinayətin və digər təhlükəsizlik təhdidlərinin səbəbkarı olan ölkələrə qarşı mübarizə aparmaq məqsədi ilə yardımları qadağan edir, onda 907-ci düzəlişin tətbiqi nə deməkdir? Belə çıxır ki, Ermənistan yox, Azərbaycan təcavüzkardır, başqa ölkənin ərazilərini işğal edib, erməni ordusu Qarabağ və ətraf 7 rayonun əhalisini öz evindən qovmayıb, öldürməyib, əsir, girov götürməyib, varını-yoxunu talamayıb, evlərini başlarına uçurmayıb, əksinə, bunu edən Azərbaycandır. 32 ildir ki, bu düzəliş tətbiq edilir, amma 3 onillik ərzində ABŞ bircə dəfə də öz səhvini düzəltmək, ədaləti bərpa etmək barədə düşünmür. Əksinə, bu düzəliş qüvvəsini itirmədikcə Vaşinqtonun ədalət və demokratiya adlı dəyərləri zədələnir və aşınma prosesi hər gün sürətlənir”. 

“Bu, Samanta Pauerin ABŞ-dakı erməni lobbisi ilə şəffaflıqdan uzaq münasibətlərinin göstəricisidir” 

Bunu “Bakı-Xəbər”ə USAID-in Ermənistana maliyyə dəstəyini artırmasına münasibət bildirərkən “SƏS” Media Qrupun rəhbəri, siyasi araşdırmaçı Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, ABŞ bu gün də yanlış əməllərini davam etdirir: “ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID Ermənistana yardımın həcmini 130 milyon dollar artırmaq qərarına gəlib. Ermənistan və USAID arasında imzalanmış qrant sazişinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi təsdiq edilib. Deməli, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, Qarabağda etnik təmizləmə aparan, azərbaycanlılara qarşı soyqırımı törədən, insanlarımızı hələ də mina terroru ilə təhdid edən və ən əsası, bu cinayətlərə rəğmən hələ də cəzasız qalan Ermənistana maliyyə yardımları edən USAID bu hərəkəti ilə bütün beynəlxalq qanunlara, beynəlxalq təşkilatların norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə sayqısızlıq göstərir, onları heçə sayır. USAID bu tip əməlləri ilə kimliyini, “ali məqsədlər”ini ortaya qoyur. Gizlin deyil ki, bu, Samanta Pauerin ABŞ-dakı erməni lobbisi ilə şəffaflıqdan uzaq münasibətlərinin göstəricisdir. 

Ermənistan həm birinci, həm də ikinci Qarabaş müharibəsini Azərbaycan ərazilərində aparıb. Dağılan evlərin Azərbaycan vətəndaşlarına aid olması, ölən insanların isə azərbaycanlı mənsubiyyəti deyəsən ABŞ və onun USAID kimi təşkilatı üçün heç nə ifadə etmir. Onları xristian erməni qardaşları maraqlandırır. Bu cür münasibətlər, nəinki bir təşkilatla, yaxud ABŞ kimi dövlətlə, eyni zamanda bütün dünya ölkələri ilə münasibətlərə xələl gətirir, etimadsızlıq mühiti formalaşdırır” - deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA





Chosen
159
baki-xeber.com

1Sources