EN

Çində “Yaqi” qasırğasına görə bir milyon sakin təxliyə edilib

Çində

Pekin, 6 sentyabr, AZƏRTAC

Çinin cənub sahillərinə yaxınlaşan güclü “Yaqi” qasırğası ilə əlaqədar təxminən bir milyon sakin təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, ilin 11-ci qasırğası olan “Yaqi” sentyabrın 6-da 16:20-də Haynan adasının Vençan şəhərinə çatıb. Küləyin sürəti saniyədə 62 metr təşkil edib. Proqnozlara görə şimala doğru hərəkət edən qasırğa təkcə Haynan adasında deyil, Quandon və Quansi əyalətlərində, Honkonq xüsusi inzibati ərazisində də ciddi fəsadlar törədəcək. Çinin Milli Meteorologiya Mərkəzi “qırmızı” səviyyədə xəbərdarlıq elan edib, müvafiq qurumlara qabaqlayıcı tədbirlər görmək tapşırılıb. Turizm məkanları bağlanıb, dənizdəki 85 min balıqçı qayığı sahilə qayıdıb, gəmi səfərləri, 141 qatar reysi təxirə salınıb, bəzi yaşayış məntəqələrində məktəblər bağlanıb.

Qasırğanın sentyabrın 7-də səhər saatlarında 2-ci dəfə quruya yaxınlaşması gözlənilir. Bu səbəbdən Haynan adasında 420 min, Qunadon əyalətində isə 570 min sakin təxliyə edilib. Mümkün fəsadlarla mübarizəyə mülki müdafiə qüvvələri, habelə texniki və tibbi briqadalar cəlb olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
112
18
azertag.az

10Sources