EN

Azərbaycanlı tələbələr Birləşmiş Ərəb Əmirliklərinin kosmik mərkəzində təcrübə keçəcəklər

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycanlı tələbələr Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (MBRSC) təcrübə proqramında iştirak edəcəklər.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, təcrübə proqramı “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Təcrübə proqramında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsinin və Milli Aviasiya Akademiyasının bakalavr səviyyəsində kosmik, aerokosmik mühəndislik, süni intellekt, STEM sahəsi üzrə biliyə sahib, həmçinin digər texniki ixtisaslar üzrə təhsil alan tələbələri, həmçinin “Technest” təqaüd proqramının məzunları iştirak edirlər.

Təcrübə proqramına başlamazdan əvvəl tələbələrlə “Azərkosmos”da keçirilən görüşdə proqramın əhəmiyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, bu proqramda tələbələrin kosmik tədqiqatlar, aerokosmik mühəndislik və qabaqcıl texnologiya sahələrini dərindən öyrənmək fürsəti olacaq. Proqramı uğurla başa vuran tələbələrə kosmos və texniki elmlər sahəsində təqaüd əldə etmək imkanı, eləcə də kosmik mərkəzin elmi komandası ilə işləməyə davam etmək şansı veriləcək.

Kosmos, aerokosmik innovasiyalar və texniki fənlər üzrə təcrübə mübadiləsi proqramını özündə birləşdirən bu “REU Boot Camp”ında tələbələr 7 gün ərzində proqram çərçivəsində təlimlərdə və təcrübə sessiyalarında iştirak edəcəklər. Proqram daha sonra müəyyən olunmuş xüsusi tədqiqat mövzusuna əsasən mentor tərəfindən verilən tapşırıqların həll edilməsi ilə tamamlanacaq. Tələbələr kosmik, aerokosmik, eləcə də innovasiya və texniki istiqamətlər üzrə analoq sistemləri, informasiya təhlükəsizliyi, kompüter və elektronik mühəndislik, pilotların və astronavtların hazırlığı, BƏƏ Ay Proqramı, BƏƏ Mars Missiyası, məsafədən idarəetmə sistemləri, peyklərin məsafədən müşahidəsi prosesində “Python” proqram sistemlərinin tətbiqi, süni intellekt və məsafədən müşahidə tətbiqləri, eləcə də ərəb dünyasının ilk qadın astronavtı olan Nora Almatrouşi ilə master-klass fəaliyyətlərinə qatılacaqlar.

Təcrübə keçmiş tələbələr xüsusi sertifikatlarla təltif edilərək məzun statusu alacaqlar.

Qeyd edək ki, 2006-cı ildə yaradılan Məhəmməd Bin Rəşid Kosmik Mərkəzi BƏƏ-nin “Milli Kosmik Proqramı”nın inkubatorudur. Mərkəz bir sıra müşahidə peyklərinin yaradılması, inkişafı və istismarı, təsvir xidmətlərinin göstərilməsi, onların təhlili və tədqiqi, eləcə də dünya üzrə elmi icmalar və tədqiqat mərkəzləri üçün müvafiq məlumatların hazırlanması vəzifələrini icra edir. Mərkəzin qlobal məhsulları arasında hazırlanmış “DubaiSat-1” və “DubaiSat-2” peykləri yer alır. Mərkəzin təşəbbüsləri arasında 2021-ci ildə Mars orbitinə çatan ilk ərəb missiyası – “Emirates Mars” da var. Missiyanın məqsədi Mars atmosferi haqqında mühüm elmi məlumatları toplamaqdan ibarətdir.

Kosmik sahədə insan kapitalına yatırım məqsədilə Mərkəz 2017-ci ildə “Birləşmiş Ərəb Əmirliklərinin Astronavt Proqramı”na start verib. 2019-cu ildə Beynəlxalq Kosmik Stansiyaya (ISS) elmi missiya məqsədilə ilk Əmirlik astronavtı Hazzaa Al-Mansoori uçuş reallaşdırıb. Xatırladaq ki, ötən il astronavt Hazzaa Al-Mansoori Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin “Astronavtlar Proqramı”nın aktiv iştirakçısı olub.

Chosen
62
10
azertag.az

2Sources