İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə hücum etdilər
Fələstinlilərə qarşı barışmaz mövqeyi ilə tanınan İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əvivin çimərliklərindən birində hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan siyasətçinin yanına qaçaraq ona qum atıb.
Şübhəli şəxs hadisə yerindən dənizə qaçmağa çalışsa da, polis onun arxasınca qaçaraq onu saxlayıb. Qadın Təl-Əvivin mərkəzindəki polis bölməsinə aparılıb, o, dövlət qulluqçusuna hücum etməkdə şübhəli bilinir, polis onu məsuliyyətə cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Ben-Qvir ifrat sağçı “Otzma Yehudit” (“Yəhudi Gücü”) partiyasına rəhbərlik edir və fələstinlilər haqqında sərt bəyanatları ilə tanınır. Xüsusən də siyasətçi İsrailin Qəzza zolağında hərbi əməliyyatının dayandırılmasının qəti əleyhinədir və sona qədər mübarizə aparmağı tələb edir.