EN

Prezident Administrasiyası partiyalara seçki tapşırığı verib? - İqbal Ağazadə danışdı

Ümid Partiyasının sədri İqbal Ağazadə Anaxeber.info-nun suallarını cavablandırıb. Partiya lideri 1 sentyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı danışıb. Müsahibəni təqdim edirik:- İqbal bəy, Milli Məclisə keçirilən növbədənkənar seçkilərin nəticələrini və gedişini necə qiymətləndirirsiniz?  - Əvvəla, onu qeyd edim ki, demokratik cəmiyyət quruculuğunda seçki bir prosedurdur. Seçkinin demokratiya gətirəcəyi barədə illüziya xarakterli təsəvvürlərdən cəmiyyət uzaqlaşmayana və onun bir prosedur kimi qəbul etməyənə qədər seçkinin nəticələrindən sonra xəyal qırıqlığına uğrayacaq. Cəmiyyət seçkiyə qədər təfəkkür, düşüncə, yaşam tərzi, vərdişlər, məişət və s. demokratikləşməlidir ki, prosedurun özündə nəticələr onu qane etsin. Cəmiyyətin düşüncəsində və ya təfəkküründə, idarə etməsində, bütövlükdə sistemində avtoritar və yaxud daha mühafizəkar olan bir cəmiyyətin seçkiləri bir az da belə olur. Ümumi təəssüratlarım budur ki, nə Azərbaycan cəmiyyəti, nə Azərbaycan hakimiyyəti, nə seçici bütövlükdə demokratik seçkiyə hazır deyil. İdarə edənlər də bütün bu cəmiyyətin ümumi halını çox gözəl bildiklərinə görə nəticə etibarı ilə istədikləri formanı və yaxud onlara sərf edən formanı ortaya qoya bilərlər. -  Bəs, bu düşüncədə dəyişiklik üçün nə etmək lazımdır?- Siyasi institutlar cəmiyyətin aparıcı hissəsidir. Xüsusən yeni nəsil demokratikləşməyə fərqli yerdən yanaşmalıdır və demokratikləşməyə fərqli rakursdan baxmalıdır. Seçki rakursu demokratikləşmə üçün bəlkə bir az da ümidsizlik yaradır. Çünki demokratik olmayan cəmiyyətin seçkidə iştirakının nəticələrindən doğulan ümidsizlik sonra bütün cəmiyyətə siraət edir və cəmiyyət bundan əziyyət çəkir. Ona görə də nəticələr, ümumi təəssürat bundan ibarətdir ki, biz cəmiyyətimizin yaşam tərzlərini, vərdişlərini və demokratiyaya münasibətini bütövlükdə dəyişməliyik. Dəyişməsək bundan fərqli seçki görməyəcəyik. -  ATƏT və digər beynəlxalq təsisatların son seçkilərə münasibəti mənfi oldu, siz necə düşünürsünüz? - ATƏT-in və ya bir başqa beynəlxalq təşkilatın verə biləcəyi və yaxud da verdiyi qiymət nəticə etibarı ilə heç nəyi dəyişmir. Nə ölkə daxilində, nə vətəndaşın ümumi halında, nə də idarəetmədə. İndi dünyanın elə bir dövrünə gəlib çatmışıq ki, universal dəyərlər anlayışında dünya özü çox böyük problemlər yaşayır. Universal dəyərlərə münasibətdə dünyanın çox böyük problemləri var və ikili standartlarla proseslərə, problemlərə yanaşma beynəlxalq təşkilatlara qarşı çox böyük inamsızlıq yaradıb. Ona görə ATƏT-in mənfi və ya müsbət rəy, ATƏT in deyə biləcəyi hər hansı bir söz heç nəyi dəyişmir. Gözümüzün qarşısında Ukraynada, Gürcüstanda işğal faktorları ilə bağlı, elə uzun illər Azərbaycanda işğal faktorları ilə bağlı yanaşmaları nə  dərəcədə siyasi olduğunu görmüşük. Və bunlar da nəticə etibarı ilə insanların hamısında çox ciddi xəyal qırıqlığı yaradıb. İndi ATƏT desə ki Azərbaycanda hətta seçkilər çox pis keçirilib, qeyri-demokratik keçib, Azərbaycan seçicisində avtomatik olaraq bir təəssürat yaranır. Əgər ATƏT bu qədər obyektivdirsə, nədən Ermənistan-Azərbaycan münaqişəsinə də bu şəkildə hüquqi nöqteyi nəzərdən yanaşmırdı?! İqtidarın da əlinə kifayət qədər imkanlar verir ki, bu yerdən vətəndaşın düşüncəsinə və ümumi seçkilər barədə fikirlərinə dəyişiklik etmək imkanı yaratsın. Seçkilərin mənfi rəyi gələcək parlamentin formasının legitimliyini heç bir halda şübhə altına qoymayacaq. Məsələ budur ki, növbəti seçkidə biz nə edəcəyik, bax, bunu düşünməliyik. Ümid Partiyasının mövqeyi budur ki, növbəti seçki və Azərbaycanın demokratikləşməsi üçün bundan sonra nə etməliyik... Keçmişi dartışacayıqsa, keçmişi dartışıb nəticə əldə etmək mümkün olmayacaq. Bəli, tənqidlər var, ayrı-ayrı fərdlərin, namizədlərin, elə Ümid Partiyasından olan namizədlərin də mövqeyində seçki pozuntuları barədə təsəvvürlər və rastlaşdıqları faktlar var. Amma əvvəlki təcrübəyə əsaslanaraq deyə bilərik ki, ATƏT-in verdiyi rəylə, bizim dediklərimizlə yeni parlamentin fəaliyyəti üçün heç bir ciddi maneə olmayacaq. Buna görə də biz çalışırıq ki, gələcəyə baxaq və gələcəyə yönəlik addımlar ataq. Nə dərəcədə bacaracağıq, bu, təkcə bizdən asılı deyil, bu həm də cəmiyyətin ümumi halından və siyasi institutların, vətəndaş cəmiyyətinin və ziyalı insanların, jurnalistikanın problemlərdən çıxış yolunu düzgün göstərib toparlanmasından asılıdır. Ona görə də gələcəyə baxmaq daha doğrudur.- Son bir sual, belə iddialar səslənir ki, yeni parlamentin də ömrü uzun olmayacaq və Prezident Administrasiyasından partiya sədrlərinə əvvəlcədən deyilib ki, bu dəfə namizəd olmayın, onsuz da yeni seçki keçiriləcək, onda iştirak edərsiniz. Sizə belə bir zəng olubmu?-  Prezident Administrasiyasında heç bir şəxs bu barədə bir söz deməyib. Varsa, kimsə deyibsə, o zaman aparatdan desin ki, kiməsə bu sözü demişəm. Mənimlə bu barədə heç bir söhbət olmayıb - namizədliyini ver, ya vermə. Bu söhbət olmadığına görə parlamentin ömrünün 1-2 il olacağı, təkrar seçki keçiriləcəyi, o zaman namizəd olacağınız barədə də mənə hər hansı bir məlumat daxil olmayıb. Amma bu məlumatların heç biri mənim və partiya üçün reallığa söykənmədiyini israrla açıq bəyan  edirəm, mövqeyimdə də hər zaman açığam. Əgər olsaydı, ən azı çox rahatca mətbuata bunu deyərdim ki, bu barədə söhbət etdiyim şəxslər olub. Amma olmayıbsa, bunu deyə bilmərəm. Yox, əgər Prezident Administrasiyasından kimsə bu məlumatı bilərəkdən dövriyyəyə buraxırsa, siyasi partiyaları aşağılamaq və yaxud siyasi partiyaların cəmiyyətdəki yerini, mövqeyini sarsıtmaq istəyirsə, qalxsın desin ki, mən İqbal Ağazadə ilə bu mövzuda söhbət etmişəm. Bizimlə bu barədə heç kim söhbət etməyib.Azər TalıbovAnaxeber.info

Chosen
113
50
anaxeber.info

10Sources