EN

Mənim əlimlə generala rüşvət vermək istəyirdi...

Mingəçevirdə dələduz saxlanılıb. İlkin məlumatlara görə, 8 nəfəri aldadaraq, onlardan üst-üstə 300 min manat pul alıb. 

İlin-günün bu vaxtında kasıb mingəçevirlilər 300 000 manatı bir dələduza hansı məqsədlə veriblər? Görəsən, onlar hansı müşküllərini həll etmək üçün bu qədər puldan keçməyə razı olublar? 

Üç yüz min az pul deyil. Səkkiz nəfərin arasında böləndə adama 35-40 min manat düşür. Təəssüf ki, xəbərdə yuxarıdakı sualların cavabı yoxdur. Vətəndaşların dələduzun “toruna” hansı səbəbdən düşdüyünü istintaq müəyyənləşdirəcək. Hələlik yalnız bunu deyə bilərik: Son illər Azərbaycanda dələduzların “toruna” düşən adamların sayı Xəzər dənizinə atılan iri torlara düşən balıqların sayından çoxdur... 

Qardaşın qardaşa 5 manat vermədiyi indiki vaxtda insanların tanımadığı adamlara 30-40, bəzən isə 80-100 min manat verməsi səbəbsiz deyil. 

Beş-altı il əvvəl qonaq olduğum televiziya verilişlərinin sayəsində indikindən xeyli populyar idim. Metroda, avtobusda, dükanda-bazarda insanlar müxtəlif problemlərin həlli üçün mənə yaxınlaşırdılar. Çox vaxt əlimdən heç nə gəlməsə də, onları səbrlə dinləməyi özümə borc bilirdim. İnsanların arzu və istəkləri, xahiş və israrları müxtəlif olurdu. Yadımdadır, bir dəfə yaşlı-başlı, səliqəli geyimli kişi belə demişdi: “Səfər müəllimdən xahiş edə bilərsən mənim oğlumu işə götürsün?” 

Səfər Əbiyev Müdafiə naziri işləyəndə onun əleyhinə tez-tez yazırdım, amma həmin vaxt Səfər müəllim nazir deyildi, Zakir Həsənov onu çoxdan “taxtdan” salmışdı.

Odur ki, təəccüblə kişidən soruşdum: “Axı Səfər Əbiyev nazir deyil...”

Ağsaqqal heyrətlə məni süzüb asta səslə cavab verdi: “Mən Əbiyevi deyil, Mehdiyevi deyirəm...” 

Dərhal barmağımı dişlədim, sən demə, kişi oğlunu Dövlət Gömrük Komitəsinə işə düzəltmək istəyirmiş. Məndən də DGK sədri Səfər Mehdiyevə ağız açmağı xahiş edirmiş...

Səfər Mehdiyevlə yaxından-uzaqdan heç bir əlaqəm olmadığını deyib ondan uzaqlaşmaq istəsəm də, yaxamı buraxmadı: “Narahat olmayın, haqq-hesab nədirsə, son qəpiyinə kimi çatacaq”. 

O vaxt heç də hamı oğlunu gömrük orqanlarında işə düzəltmək üçün mənə müraciət etmirdi. Cavan, boylu-buxunlu bir oğlan bir dəfə Cavid parkında qabağımı kəsib belə demişdi: “Qızımın bağçaya düzəlməsinə kömək edə bilərsən?”

Suala sualla cavab vermişdim: “Özün niyə müraciət etmirsən?”

Boynunu büküb belə demişdi: “Nə vaxt gedirəmsə, deyirlər ki, yer yoxdur”.

Bir nəfər isə daha dəhşətli xahişlə müraciət etmişdi: “Atam can üstədir. Zabrat bələdiyyəsinə deyə bilərsənmi, bizə pulsuz qəbir yeri versin?” 

İndi bildinizmi, dələduzlar niyə yağışdan sonra çoxalan göbələk kimi artır?

Əgər gömrük orqanlarına qəbul şəffaf keçirilsə, uşağı bağçaya pulsuz götürsələr, ölən adama rüşvətsiz qəbir yeri versələr camaat arvad-uşağının boğazından kəsib dələduzların cibini doldurmaz...

Chosen
86
1
hurriyyet.az

2Sources