EN

Ağar: "Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə olan geosiyasi reallıq yaratmağa çalışırlar"

Rusiyanın son dövrdə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin təmin edilməsi üçün Ermənistan ərazisindən dəhlizin açılmasına dəstək verməsi İranın ciddi narahatlığına səbəb olub. Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib və mövzu ilə bağlı müzakirələr aparıb.

Oxu.Az-a İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının əsas əbəbləri haqqında danışan Türkiyənin Bağçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Ankara və Bakının güclənməsini istəməyən mərkəzlərdən danışıb:

"Fikrimcə, bəhs etdiyimiz məsələdə əsas sual Türkiyə və Azərbaycanın bölgədə davamlı sülh və dayanıqlı inkişafı bərqərar etmək həmlələrindən, siyasi mövqeyinin güclənməsindən kimin narahat olması və ya buna mane olmaq istəməsi, yaxud hansı ölkələrin hazırkı vəziyyətdən fayda götürə biləcəyidir. Haqqında bəhs etdiyimiz məsələnin cavabı bu sualların içərisindədir. Hər kəs Türkiyə və Azərbaycanın qurudan dəhlizin açılmasına nail olmasının insanlıq və bölgənin sabitliyi baxımından hansı mənaya gəldiyini çox yaxşı bilir. Ancaq İran başda olmaqla bəzi dövlətlər bunu istəmir. Əgər Şərqi Qərbə, Şimalı isə Cənuba bağlamaq istəyirsinizsə, sabitliyə töhfə və fayda verən, hərəkət qabiliyyətini artıran, eyni zamanda xərcləri azaldan bir sahə formalaşdırmalısınız. Bu dəhliz Şimaldan gəlib bütün infrastrukturla Zəngəzurdan keçmək və Aralıq dənizinə, Bəsrə körfəzinə enmək deməkdir".

Ekspert dəhlizin açılması halında Rusiyanın iki böyük regiona çıxış əldə edəcəyini bildirib:

"Rusiya əvvəldən prosesin içində idi, amma sonra bir müddət səssizliyə büründü, amma indi yenidən aktivləşib. Ortaya çıxan sual Rusiyanın Şimaldan Cənuba Türkiyə, yoxsa İran üzərindən bağlanacağıdır. Əgər İran üzərindən olsa, Bəsrə körfəzinə çıxacaq, əvvəldən də belə imkanı var idi. Ancaq Türkiyə üzərindən olsa, həm ölkəmizin, həm də İraqın ərazisindən keçəcək "İnkişaf Yolu" dəhlizi ilə Bəsrə körfəzinə, eyni zamanda Aralıq dənizinə çıxa biləcək. Digər tərəfdən əgər bu bağlanma Azərbaycan üzərindən təmin edilsə, Rusiya həm də Ermənistandakı varlığını möhkəm şəkildə qoruyub saxlaya biləcək".

A.Ağar Türkiyə və Azərbaycanın birlikdə bütün çətinliklərin və süni maneələrin öhdəsindən gələ biləcəyini vurğulayıb:

"Onlar da "antropoloji və geosiyasi çayın" hara doğru axdığını görürlər. Buna görə də Rusiya da bu "çay"ın suyundan faydalanmaq istəyir. Fərqli proseslər reallaşa bilərmi? Əlbəttə, bu, mümkündür. Çünki dövlətlər bir çox hallarda məsələlərə ideallar üzərindən deyil, reallıq üzərindən baxırlar. Proseslərin gedişatı isə əsasən Türkiyə və Azərbaycanın birlikdə sərgiləyəcəkləri dövlət ağlından, müqavimət və təsirdən asılıdır. Bəziləri Türkiyəsiz Azərbaycanın, bəziləri isə Azərbaycansız Türkiyənin olduğu geosiyasi reallıq yaratmaq üçün çalışır. Fikrimcə, axıradək bütün addımlarımızı düşünülmüş şəkildə və qurulmuş tələlərə düşmədən atsaq, son nəticədə bütün əsas məqsədlərimizə nail ola bilərik".

Chosen
15
1
sitat.info

2Sources