EN

“Yaşıl enerji məkanı” fəaliyyətini genişləndirir

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” işçi qrupun hibrid formada növbəti iclası keçirilib. Bu barədə “XQ”yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasa sədrlik edən ener­getika nazirinin müavini Samir Vəliyev çıxışında sözügedən strategiyanın icra­sı çərçivəsində reallaşdırılan layihələrin “Yaşıl dünya naminə həmrəylik ili” üzrə həyata keçirilən tədbirlərlə ahəng təşkil etdiyini qeyd edib. İşçi qrupun iclaslarının müntəzəm keçirilməsinin hesabatlılığın effektivliyini artırdığını vurğulayan na­zir müavini gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommu­nikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn strategiyanın icra­sı çərçivəsində 2024-cü ilin birinci yarısı üzrə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatını təq­dim edib. 

İclasda “Yaşıl enerji məkanı” məqsədi üzrə tədbirlərin icra göstəriciləri, 6 fəaliy­yət istiqaməti üzrə indikatorlar və nəzərdə tutulmuş hədəflər çərçivəsində icra olu­nan işlər barədə məlumat verilib, qaz və istilik təchizatı sahələrində dövlət‒özəl tərəfdaşlığının inkişaf etdirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı, tədbirdə bərpaolunan enerji mənbələri üzrə infor­masiya sisteminin yaradılması, Elektro­mobillik üzrə Milli Planın hazırlanması, enerji saxlanc sistemlərinin tətbiqi, kar­bon tutulması, utilizasiyası və saxlanması texnologiyalarının tətbiqi, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi və digər istiqamətlərdə ye­rinə yetirilmiş tədbirlər nəzərdən keçirilib. 

Sonra digər qrup üzvlərinin hesabatla bağlı məruzələri dinlənilib, atılacaq növbə­ti addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib. Strategiya sənədi üzrə qarşıdakı dövrdə tədbirlərin effektiv icrası ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.

Chosen
137
12
xalqqazeti.az

10Sources