EN

Şirin su probleminin həlli dövlətlərin strateji hədəfidir

Yol var: qoruma və qənaət

Su resurslarının məişət, sənaye və kənd təsərrüfatında səmərəsiz isti­fadəsi, inkişaf etməkdə olan ölkələr­də baş verən əhali artımı, suvarılan sahələrin genişlənməsi, meşələrin qı­rılması bir tərəfdən qlobal istiləşmə və quraqlığın artmasına, digər tərəfdən, şirin su ehtiyatlarının kritik böhran həddində azalmasına gətirib çıxarıb. 

Beynəlxalq ekoloji və iqtisadi araşdır­ma mərkəzlərinin proqnozlarına görə, pro­seslər belə davam edərsə, yaxın gələcəkdə Yer kürəsində quraqlıq qlobal xarakter ala­caq və şirin su resurslarının çatışmazlığı­nın artması isə təkcə Afrika qitəsində yox, bütün dünyada ciddi ərzaq qıtlığı təhlükəsi yaradacaq. Belə qorxulu proqnozlardan düzgün nəticə çıxararaq müxtəlif həcmdə su ehtiyatlarına malik olan bir sıra ölkələr su qıtlığının fəsadları ilə üzləşməmək üçün artıq bu problemin həlli yollarını axtararaq müəyyən konkret addımlar atırlar. 

Nümunə olaraq qardaş Türkiyə dövlə­tini göstərmək olar. Bu ölkənin şirin su eh­tiyatının bir sıra Asiya və Afrika ölkələrinə nisbətən daha çox olmasına baxmayaraq, quraqlıq dövründə su qıtlığı ilə bağlı baş verə biləcək ağır fəsadların qarşısının alın­ması məqsədilə Dəclə, Fərat və Kür kimi transsərhəd çayların üzərində iri su anbar­ları yaradılır. 

Avropa qitəsində yerləşən Belçikada isə qəbul edilən müvafiq qanuna əsasən, yeni tikilən çoxmərtəbəli binalarda və şəxsi evlərdə yağış suyunun toplanılması, həmçinin ondan texniki su kimi istifadə üçün çənlərin quraşdırılması kimi məcburi qaydalar tətbiq olunub. 

Rusiya Federasiyasında da quraqlıqdan qorunmaq üçün qabaqlayıcı tədbirlər həya­ta keçirilir, su anbarları və süni göllər ya­radılır, habelə su mənbələri arasında taraz­lığı qorumaq məqsədi ilə onları birləşdirən xüsusi kanallar çəkilir. Müxtəlif həcmdə su ehtiyatları olan ölkələrdən gətirdiyimiz nümunələr bir daha göstərir ki, qlobal is­tiləşmədən irəli gələn quraqlıq və su qıtlığı problemi Azərbaycanı, eləcə də su ehtiyat­larının həcmindən asılı olmayaraq dünya­nın bütün ölkələrini narahat edir. 

Azərbaycanda da yuxarıda göstərilən səbəblər üzündən son illərdə şirin su eh­tiyatları kəskin azalmağa başlayıb. Buna bariz nümunə kimi təkcə onu göstərmək kifayətdir ki, respublikamızın əsas su arte­riyası sayılan Kür çayında suyun miqdarı­nın kəskin azalması ildən-ilə davam edib. Əgər ölkə ərazisinin ¾ hissəsinin Kürün hövzəsinə düşdüyünü və bu çayın suyu­nun əhali üçün əsas içməli və suvarma su mənbələrindən biri olduğunu nəzərə alsaq, onda çayın səviyyəsinin getdikcə aşağı düşməsinin respublikamızın ümumi su re­surslarının azalmasına mənfi təsir göstər­diyi barədə aydın təsəvvür yaranar. 

Su qıtlığından baş verə biləcək fəsad­ları düzgün qiymətləndirən ölkə rəhbərli­yi iqtisadiyyatın bütün sahələrində suya olan tələbatın təmin edilməsi üçün dövlət səviyyəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini daim diqqət mərkə­zində saxlayıb. Dövlət başçısının tapşırığı ilə yeni iqtisadi çağırışlar nəzərə alınaraq ehtiyat su resursları “bankı” yaratmaq üzrə müvafiq tədbirlər həyata keçirilib və sudan qənaətlə istifadə etmək üçün innovasiyala­rın tətbiqinə və təşviqinə prioritet məsələ kimi yanaşılıb. Məhz bunun nəticəsidir ki, 2004-cü ildə ölkəmizdəki içməli su ilə tə­minat 40 faizə yaxın olduğu halda, hazırda bu rəqəm 70 faizə çatdırılıb. 

Prezident İlham Əliyev çıxışlarının bi­rində bu barədə deyib: “Biz bunu, ilk növ­bədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra iç­məli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq və bunun da nəticəsi Azər­baycanda içməli su və suvarma suyu ilə təminatı 100 faizə çatdırmaq olacaqdır”.

Ölkə rəhbərinin Azərbaycanda içməli suya tələbatı 100 faiz təmin etmək çağı­rışı Oğuz–Qəbələ–Bakı su kəməri, Tax­takörpü su anbarı kimi böyük layihələrin uğurla gerçəkləşməsi ilə nəticələnib və bu istiqamətdə müsbət nəticələr əldə olunub. Oğuz–Qəbələ–Bakı su kəməri Bakı şəhə­rinin su təminatının yaxşılaşdırılması ilə bağlı yeganə layihə deyil. Bununla yanaşı,Taxtakörpü su anbarının suyunun Cey­ranbatan anbarına qədər axıdılması üçün əlavə yeni beton kanal inşa edilib. Ümu­miyyətlə, Taxtakörpü su anbarının rolu tək Bakı şəhərinin şirin suya olan tələbatının yaxşılaşdırılması ilə kifayətlənmir. Bun­dan əlavə, bu anbardan Şabran, Siyəzən və Xızı rayonlarının, təqribən, 30 min hektar suvarılmayan torpaqlarına su verilir və nə­ticədə həmin sahələrdə bol kənd təsərrüfatı bitkiləri becərilir. 

Oğuz–Qəbələ–Bakı su kəmərinin çə­kilməsindən və Taxtakörpü su anbarının tikintisindən sonra su təminatı ilə bağlı vəziyyəti daha da yaxşılaşdırmaq üçün in-frastruktur quruculuğu da diqqət mərkəzin­də saxlanılıb, dövlətin birbaşa dəstəyi ilə yeni sututarlar yaradılıb və şəbəkə infra-strukturunun genişləndirilməsi üzrə mü­hüm layihələr gerçəkləşdirilib. Həyata ke­çirilən bu tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənib, məhdud şirin su ehtiyatlarına malik respublikamızda əha­linin içməli su ilə təminatı və irriqasiya sis­temi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 

Bütün görülən işlərə baxmayaraq, ölkəmizdə şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, eyni zamanda, əhalinin artımı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafı, suvarma və iç­məli su təchizatı şəbəkələrinin genişləndi­rilməsi nəticəsində suya tələbatın artması Azərbaycanda su təhlükəsizliyinin gerçək­ləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini daha da aktual edir. 

Azərbaycanın işğaldan azad edilmiş bölgələri su ehtiyatları baxımından kifayət qədər zəngindir. Ölkənin ümumi su ehti­yatlarının 25 faizi məhz Qarabağ və Şərqi Zəngəzur ərazisindədir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su ehtiyatı res­publikamızın ümumi su resurslarının 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşır.

Teymur NİZAMZADƏ,
Bakı Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru

Chosen
174
50
xalqqazeti.az

10Sources