Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə dövlət–özəl sektor tərəfdaşlığı və potensial layihələri müzakirə edib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə IFC-nin Avropa üzrə regional direktoru İnes Roşa arasında keçirilən görüşdə ölkəmizdə aparılan iqtisadi islahatların beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın IFC ilə əməkdaşlığının genişlənməsi, bu kontekstdə ölkəmizdə mütərəqqi təcrübə və yeniliklərin təşviqi önəm daşıyır.
Tədbirdə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Bildirilib ki, ölkəmizin iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafın təmin edilməsində önəmli faktora çevrilib. Eyni zamanda, ölkəmizdə dövlət–özəl sektor tərəfdaşlığı üzrə layihələrin reallaşdırılması üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.
Tərəflər, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsi üzrə əməkdaşlıq və IFC-nin cəlb oluna biləcəyi potensial layihələr barədə müzakirə aparıblar.