Referans.az Globalinfo..az -ın politoloq Əlimusa İbrahimovun müsahibəsini təqdim edir:
– Əlimusa bəy, son günlər Zəngəzur dəhlizi ətrafında siyasi proseslər yenidən qızışıb. Rusiya dəhlizin açılması istiqamətində Bakı və İrəvanla təmasdadır. Diqqətçəkən məqam isə İranın məsələyə sərt reaksiyasıdır. Rəsmi Tehranı narahat edən məqam nədir?
– Son vaxtlara qədər İran Zəngəzur dəhlizinə qarşı etirazını regionda sərhədlərin dəyişdirilməsinin yolverilməz olması ilə bağlı bəyanatlarla pərdələyir və bunu özünün “qırmızı xətti” elan edirdi. Amma sonradan burada mövcud olan dövlətlərin heç birinin sərhədlərin dəyişdirilməsi və ya digərinin torpağının işğal olunmasında maraqlı olmadığı ortaya çıxdı. Bunun əvəzində isə Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin daha da aktuallaşması məlum oldu. Belə olan halda İran ağzındakı saqqızı çıxardı və birbaşa Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması barədə bəyanatlar verməyə başladı.
Rusiya hakimiyyət dairələri tərəfindən dəhlizin açılması ilə əlaqədar ciddi siqnallar gəldikcə İranın narahatlığı daha da artmağa başladı. İndi görünən budur ki, İran ümumiyyətlə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının əleyhinə çıxır.
– Zəngəzur dəhlizi açılarsa regionda sərhədlər dəyişə bilər?
– İran üçün dəhlizin kimin nəzarəti altında fəaliyyət göstərməsinin heç bir əhəmiyyəti yoxdur və hesab edirəm ki, dəhliz işə salınarsa, bu, birmənalı şəkildə İranın mənafelərinə zərbə olacaq. Amma maraqlı budur ki, İslam Respublikasındakı bəzi qüvvələr yenə də dəhlizin açılmasını regionda sərhədlərin dəyişdirilməsi ilə bağlayır. Sanki Zəngəzur dəhlizi açılarsa, İranın Ermənistana gedən yolu bağlanacaq. Amma əslində belə deyil.
Dəhlizin açılmasının İran-Ermənistan sərhədinin bağlanılması ilə heç bir əlaqəsi yoxdur. Dəhliz İran-Ermənistan sərhədi hesabına fəaliyyət göstərməyəcək, sadəcə olaraq sərhədlərin dəyişdirilməməsi prinsipini İran Zəngəzur dəhlizinin açılmasına bir bəhanə kimi tətbiq edir.
– İranın Zəngəzur dəhlizinin açılmasından gələn qorxusu əsaslıdırmı?
– Təbii ki, bu dəhliz İran üçün iqtisadi cəhətdən problemlər yarada bilər. Çünki məlum olduğu qədər hazırkı şəraitdə Fars körfəzi vasitəsilə Hindistandan Avropa və Rusiyaya, eləcə də əksinə yüklərin çox ciddi bir hissəsi məhz İrandan keçməklə Azərbaycan və Ermənistan vasitəsilə daşınır. Dəhlizin açılması İranın oynadığı bu rolu əlindən ala bilər. Məhz İran ciddi tranzit ölkə kimi funksiyasını itirəcəyinə görə Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Digər tərəfdən, dəhlizin fəaliyyətə başlaması Türkiyə, Azərbaycan və Orta Asiya türk respublikalarının iqtisadi inkişafına təkan verəcək. Türk Birliyi getdikcə daha da möhkəmlənəcək. İranın tarixi düşməni hesab olunan Turanın böyük qüvvə kimi meydana gələcəyi perspektivi İranı narahat edən növbəti səbəbdir.
Rusiya da öz növbəsində dəhlizin açılması ilə sanksiyalardan müəyyən qədər azad olacaq və İrandan asılılığı azalacaq.
– İran Rusiyanın daha da inkişaf etməsini istəmir?
– Təbii ki, xeyir. İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbləri haqqında çoxlu dəlillər gətirmək mümkündür. Amma bu dəlilləri bir yana buraxıb onun qarşıya qoyduğu məqsədə çatmaq imkanının olması barədə düşünək. Hesab edirəm ki, İran regiondakı mövcud dövlətlərin Ermənistan da daxil olmaqla hamısına qarşı çıxaraq bu dəhlizin açılmasına mane ola bilməyəcək. Çünki onun tələbləri beynəlxalq hüquq baxımdan da qeyri-qanunidir. Bəlkə İranın özündə belə nəyi tələb etdiklərinin fərqində deyillər. Əgər Ermənistan dəhlizinin açılmasına razılıq verəcəksə, İranın ora qoşulub yüklərini daşımaqdan başqa çarəsi qalmayacaq. İranın etirazlarının və ya vurnuxmasının Rusiya-İran arasında da ciddi münaqişəyə səbəb olacağını düşünmürəm.