ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns və Böyük Britaniyanın xarici kəşfiyyat qurumunun rəhbəri Riçard Mur “Financial Times” üçün birgə məqalə yazıb.
Modern.az-ın məlumatına görə, onlar məqalədə dünya nizamı üçün yaranan təhlükələrdən söz açıblar.
Britaniya və Amerika kəşfiyyat orqanlarının rəhbərləri tarixdə ilk dəfə birgə məqalə dərc ediblər.
Qərbin kəşfiyyat liderləri xəbərdarlıq ediblər ki, Ukrayna müharibəsi və digər münaqişələr dünyanı Soyuq Müharibədən sonra formalaşan dünya nizamı üçün ən ciddi təhlükə ilə üz-üzə qoyub.
“Aydındır ki, dünya nizamı – nisbi sülh, sabitlik, daha yüksək həyat standartları, imkanlar və rifah təmin edən balanslaşdırılmış sistem – Soyuq Müharibədən bəri görmədiyimiz təhlükələrlə üz-üzədir”, – məqalədə bildirilir.
Onlar Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ən ciddi təhlükələrdən biri olduğunu düşünür.
Kəşfiyyat rəhbərləri deyirlər ki, hazırda Qərbin Ukraynanı dəstəkləməkdə öz mövqeyini saxlaması “həmişəkindən daha vacibdir”. Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin “uğur qazanmayacaq”.
Börns və Mur bildirir ki, bu müharibə texnologiyanın münaqişənin gedişatını nə dərəcədə dəyişdirə biləcəyini göstərib və “uyğunlaşma, təcrübə və innovasiya” ehtiyacını vurğulayıb.
Məlumata görə, kəşfiyyatçılar Londonda keçirilən “Financial Times” festivalında da iştirak ediblər və bu festival zamanı iştirakçıların suallarını cavablandırıblar. MKİ rəhbəri festival zamanı Putinin gücünün zəiflədiyinə dair sübutlarla tanış olmadığını söyləyib.