Rusiya-Ukrayna müharibəsi döyüş əməliyyatlarında innovasiyaları ilə də fərqlənir. Ukrayna Silahlı Qüvvələri Rusiya ilə döyüşlərdə yeni ixtiradan – «uçan» Kalaşnikov avtomatlarından istifadə etməyə başlayıb.
FED.az xəbər verir ki, «Bild» qəzetinin məlumatına görə, qoşunlar üçün bu silahı ukraynalı mühəndislər qrupu olan «Wild Hornets» təqdim edib. Yeni ixtira – 4 pər vasitəsilə uçan platformaya quraşdırılmış avtomatdır. Buradakı avtomat uzaqdan idarə edilir və yerdəki hədəflərə atəş açır.
«Bild»in məlumatına görə, artıq Ukrayna qoşunları bu silahı ilk dəfə avqust ayında praktikada tətbiq edib.
Qəzetə şərh verən hərbi ekspert Yulian Repke bildirib ki, bu ixtiradan istifadə zamanı ən mürəkkəb məsələ avtomatı atış zamanı sabit saxlamaqdır, çünki atəş zamanı geriyə təpmə nəticəsində avtomat nişandan yayına bilər. Silahın nə qədər effektli olması və onun kütləvi istehsala buraxılıb-buraxılmayacağı hələlik məlum deyil.