EN

Yüksək bal toplayan abituriyent: “Vətənimdə fəaliyyət göstərmək istəyirəm”


Elm bütün uğurların açarıdır. Bu açarı əldə etmək üçün çəkilən əziyyət ağır olsa da, bəhrəsi hər zaman şirindir. Müsahibimiz Məmmədzadə Mələk Cabir qızı da əldə etdiyi elmi bilikləri ilə öz yaşıdlarının bir çoxunu üstələyib və xoşbəxt bir gələcəyə açılan qapının açarını əldə edib.
Mələk Məmmədzadə universitetə qəbul imtahanında 682,5 bal toplayaraq öz məqsədinə nail olub.
- Belə bir nəticə göstərdiyini biləndə hansı hissləri keçirdin?
- Çox sevindim. Hisslərimi ifadə edə bilmirəm. Məqsədimə çatdığıma görə çox xoşbəxtəm. Zəhmətimin yerdə qalmaması məni sevindirdi.
- Hüquqşünas olmaq arzusu səndə necə yaranıb?
- Bu mənim uşaqlıq arzum olub deyə bilmərəm. IX sinfin başlanğıcından etibarən bu haqda düşünməyə başladım. Qərar vermək mənim üçün doğrudan da çətin məsələ oldu. Düşündüm ki, nə ilə məşğul olsam, özümü xoşbəxt, həmçinin xeyirli birisi kimi görərəm. Nəhayət bu sualın cavabı məndə hüquq oldu. Bu illərdə hüquq sahəsi ilə əlaqəli baxdığım kinolarda, oxuduğum kitablardakı qəhrəmanlar məni bu ixtisas üçün həvəsləndirdilər. Onların ədalətin bərpa olunması üçün etdikləri və hər zaman haqlı olanı dəstəkləmələri özümdə olan bu arzunu daha da gücləndirdi.
Vəkil, prokuror və s. deyə bilmirəm. Ümid edirəm ki, universitet illərində qəti qərar verəcəyəm. Əsas istəyim hansını seçməyimə baxmayaraq, işimdə uğurlu olmağımdır.
- Təhsilini xaricdə davam etdirmək barədə fikirləşirsənmi?
- Məncə bakalavr üzrə təhsili ölkəmizdə almaq daha doğrudur. Bakalavr pilləsini bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyərəm. Lakin bitirdikdən sonra Vətənimə qayıdıb, öz Vətənimdə  fəaliyyət göstərmək, öz millətim, dövlətim üçün çalışmaq istəyirəm.
- Universitetə hazırlaşan zaman çətinliklərlə üzləşdinmi?
- Mən imtahana VIII sinifdən hazırlaşmağa başlamışam. Amma təbii ki, aşağı siniflərdə də dərslərimi yaxşı oxumuşam. Düşünürəm ki, bu mənə böyük kömək olub. Çünki VIII sinifdən etibarən sanki həmin il mənim imtahan ilim imiş kimi dərs oxuyurdum. Ona görə də bu il səhərdən axşamacan dərs oxuyub beynimi yormağıma ehtiyac qalmadı.
- Səncə uğurun sirri nədir?
- Bu hər kəs üçün fərqli ola bilər. Mənim üçün isə məsuliyyətli olmağımdır. Verilən tapşırığı yerinə yetirməmək məndə narahatlıq hissi doğururdu. Bir gün belə olsa, hazırlıqsız dərslərə gedə bilməzdim. Ailəm həmişə mənə dəstək olub. Bu da mənim üçün həmişə motivasiya olub
- Abituriyentlərə vermək istədiyin tövsiyələr varmı?
- Bu uğur tək mənim yox, valideynlərimin və müəllimlərimin də uğurudur. Hər zaman mənə dəstək olublar. Önəmli olan ruhdan düşmədən, qarşına məqsəd qoymaq və çox çalışmaqdır. O zaman hədəflərinə çatacaqlar.

Cəmilə Kərim
Chosen
92
2
yeniavaz.com

3Sources