Onun üçün yaratdığı hər bir kukla doğmadır, əzizdir. Onları öz balaları kimi sevir. Əsərlərini avanqard, müasir, milli, buduar, konseptual və s. üslublarda hazırlayır. Şəxsi kolleksiyasında 200-dən çox kukla var. Heç birinə də cansız, ruhsuz müqəvva və ya adi oyuncaq deməyə adamın dili gəlmir.
Müsahibim Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Müəllif Kuklalar Təşkilatının üzvü, bir sıra dünya miqyaslı müsabiqə, festival və sərgilərin iştirakçısı Fərəh Əliyevadır. O, kukla sənəti ilə 2010-ci ildən məşğul olur. Fərəh xanımla bu peşəyə olan sevgisindən və kuklaların onun üçün nə qədər əhəmiyyətli olduğından bəhs etdik.
– Öncə kuklaların hazırlanma prosesindən danışardınız. Necə edirsiniz, hansı materiallardan istifadə edirsiniz?
– Materialları fikrimdə canlandırdığım obraza uyğun olaraq seçirəm. Hər bir kuklanın hazırlanmasında fərqli texnika, məxsusi üslub və rənglərdən istifadə edirəm. Məsələn, daha çox plastik gil və papye-maşedən (yapışqan, gips və təbaşirlə qarışdırılmış kağız kütləsindən ibarət bərk maddə), dəmir məftildən karkazlar (gövdə, skelet, maket) düzəldirəm. Onu mis məftil, sonra folqa kağız və gillə örtərək, forma verirəm. Daha sonra cilalayıb bədən nahiyəsini düzəldirəm. Sonda isə üz cizgilərini verərək, saç yapışdırıram, boya çəkirəm, geyim tikirəm, geyindirirəm. Nəticədə yeni bir obraz, personaj yaranır. Hər bir kuklanın hazırlanması üçün ən az 2 həftə vaxt sərf olunur. Təxəyyülüm təkcə bununla məhdudlaşmır. Bu işdə hər hansı bir qaydaya əməl etmədən, unikal üslubda qeyri-adi yanaşmalar axtarıb tapıram. Buna əyani nümunə kimi, kukla obrazını Bakının qədim memarlıq üslubu ilə sintez etdiyim “Qız qalası” əl işimi qeyd edə bilərəm. Onu yaratmaq mənim üçün o qədər də asan olmayıb. Bu kuklanı fərqli çalarlarda, özüməməxsus formada işləyib hazırlamışam.
– Məşhur adamlardan kimlərinsə kuklasını hazırlamısınızmı? Ümumiyyətlə, kukla düzəltmək üçün sifariş edənlər olurmu?
– Bəli, Xurşud Banu Natəvan daxil olmaqla, ölkəmizin ən məşhur xanımlarının, həmçinin İngiltərə kraliçası Elizavetanın və başqalarının kuklalarını yaratmışam. Hazırda İrəvan xanının kuklası üzərində işləyirəm. Sifariş edənlər çox olur. Düşünürəm ki, müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır. Kuklalarım oyuncaq deyil, hər biri bir əsərdir. Onlar həm də öz fəlsəfi və ideya daşıyıcısı olan, öz fərdi xüsusiyyəti ilə insanların qəlbində yaşayan personajlardır.
– Bəs bu incəsənət növünü nə cür təbliğ edirsiniz?
– Artıq 14 ildir ki, kuklaların hazırlanması işi ilə peşəkar şəkildə məşğulam. Artıq 100-dən çox əsərim Azərbaycan, Fransa, ABŞ, Gürcüstan, Rusiya, İsrail və digər ölkələrdəki muzeylərdə, incəsənət qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Şəki muzeyində “Sarı gəlin”, Heydər Əliyev Fondunda və Heydər Əliyev Mərkəzində kukla kolleksiyalarım var. “Kukla” adlı ayrıca əsərin də müəllifiyəm. Ölkəmizi tələbələrimlə birgə Moskva, Ankara, Kiyev, Praqa, Tbilisi və başqa şəhərlərdə də təmsil etmişəm. Azərbaycanda bir neçə dəfə təşkil olunmuş Beynəlxalq Kukla Bienallisi tədbirlərində, mötəbər sərgilərdə iştirak etmişəm. Bu günə kimi isə 6 fərdi sərgim təşkil olunub. Bütün bu dediklərimlə sənətimi təbliğ etməyə çalışıram.
– Tələbələrinizin işindən razısınızmı?
– Mən 5 nömrəli internat məktəbində fiziki məhdudiyyətli uşaqlarla işləyirəm. Onlarda bu peşəyə daha çox həvəs yaratmaq üçün tez-tez sərgilər təşkil edirik. Bundan əlavə, müxtəlif yerlərdə – Beynəlxalq Oxbridge Akademiyası, Bakı Oksford Məktəbi, TİSA Azərbaycan Beynəlxalq Məktəbi və digər universitetlər, institutlar, Rəssamlıq Akademiyasının qalereyalarında tələbələr üçün ustad dərslər keçirəm. Çox istəyirəm ki, gənclər bu sənəti öyrənsinlər. Kukla ustası olmaq çox böyük təcrübə və zəhmət tələb edir. Müşahidələrim əsasında görürəm ki, müasir nəslin nümayəndələrinin böyük əksəriyyəti buna hazır deyil və işin öhdəsindən tam layiqincə gələ bilmirlər. Buna təəssüf edir və düşünürəm ki, bu sahədə təhsil və təlimə peşəkar yanaşma yoxdur. Kukla rəssamları, əsasən özləri tələbələr yetişdirirlər. Əslində, gəncləri bu sahəyə cəlb etməklə sənətə milli kolorit gətirə və mədəniyyətimizi daha da zənginləşdirə bilərik.
– Zər-zibalı, bər-bəzəkli kuklalarınızla adamları daim sevindirəsiniz, onlara fərəh bəxş edəsiniz, Fərəh xanım!
Fidan SALMANOVA
XQ