ABŞ-ın prezidentliyə namizədləri Kamala Harris və Donald Tramp arasında çərşənbə axşamı debat keçirildi. Bu, noyabrın 5-də keçiriləcək seçkilərdən öncə iki namizəd arasında ilk və son qarşılaşmadır.
Debatdan sonra müxtəlif şərhlər verilir. Beynəlxalq mediada bu debatla bağlı birmənalı fikir yoxdur. Hər iki tərəf iddia edir ki, qarşılaşma onların xeyirinə başa çatıb.
Mövzunu şərh edən siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, ABŞ-da noyabrda keçiriləcək prezident seçkisi ilə bağlı Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris arasında baş tutan ilk debatdır:
“Debat ABC kanalı tərəfindən yayımlanıb və təxminən 1 saat 45 dəqiqə davam edib. Debatdan öncə keçirilən etibarlı rəy sorğularında iki namizədə dəstək faizlərinin bir-birinə çox yaxın olduğu, böyük sayda seçici kütləsinin isə qərarsız olduğu qeyd olunurdu. Bu isə debatın əhəmiyyətini artıran faktor hesab olunur. Kamala Harrisin debat ərzində emosional davranması diqqətdən yayınmadı. Bəzi hallarda isə Harris öz emosiyalarına nəzarəti itirirdi. Bu yəqin ki, onun ilk dəfə bu səviyyədə debata çıxması ilə bağlı yaranan məqamlar idi. Trampa gəldikdə isə o debatın əksər hissəsində soyuqqanlı, təmkinli qalmağı ilə diqqət çəkdi.
Debatda əsas müzakirə mövzuları iqtisadiyyat, immiqrasiya və abortla bağlı məsələlər olub. Tramp çıxışının əvvəlində Harrisi və onun atasını marksist adlandırdı. Harris isə, ailəsinin orta sinifdən gəldiyini və anasının uzun illər ərzində pul yığaraq ev ala bildiyini qeyd edib. Harris Trampın idxal edilən xarici məhsullara 20 faizə qədər vergi tətbiq etməsini amerikanlar üçün “Trampın satış vergisi” adlandırıb.
Abortla bağlı məsələdə də hər iki tərəf ortaya fərqli mövqe qoyub. Belə ki, Harris keçmiş prezident Trampı ABŞ Ali Məhkəməsinə üç mühafizəkar hakim təyin etməklə konstitusion abort hüququna son qoymaqda günahlandırdı. Bu mövzuda Tramp qarşı tərəfə tutarlı cavab verə bilmədi”.
Elvin Baxşalızadənin sözlərinə görə, miqrasiya ilə bağlı müzakirələrdə Tramp hazırkı adminstrasiyanı Meksikadan miqrant axınına nəzarət edə bilməməkdə günahlandırdı:
“Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-də yaşayan 11 milyondan çox sənədsiz miqrantı deportasiya edəcəyini bildirdi. Aparıcının “bunu necə həyata keçirəcəksiniz?” sualına isə Tramp cavab verməyib.
Bunlardan əlavə, Rusiya-Ukrayna savaşı, İsrail-Həmas qarşıdurması da müzakirə olunan məsələlər arasında olub. Tramp deyib ki, prezident seçilən kimi, vəzifəsinin icrasına başlamadan Ukrayna müharibəsini dayandıracaq.
CNN-nin məlumatına görə debatdan sonra keçirilən rəy sorğusunun nəticələrinə görə Kamala Harris debatı 63-37 faiz nisbətində öz xeyrinə başa vurub. Xanım namizəd ilk debatını möhtəşəm nəticə ilə tamamlayıb”./Globalinfo.az