EN

Tahir Rzayev: "Vacib olarsa, nəinki 2 il, hətta 5 aydan sonra yenidən parlament seçkiləri keçirilə bilər"

VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev referendum keçiriləcəyi, yeni formalaşan parlamentin 2 ildən sonra yenidən buraxılacağı barədə iddialara münasibət bildirib. 

 

T.Rzayev Pravda.az-a açıqlamasında deyib ki, parlamentin fəaliyyəti, deputatların səlahiyyətləri, gördükləri işlər haqqında bəzən elə reallığa uyğun olmayan fikirlər söyləyirlər, adam mat-məəttəl qalır: “Seçkilər hələ yeni bitib, heç Konstitusiya Məhkəməsi seçkilərin yekununu təsdiq etməyib. Başlayıblar ki, az bir müddətdə yenidən parlament seçkiləri keçiriləcək. Hansı dəyişikliklər olacaq, kim hara gedəcək, haradan gələcək... Fövqəladə hal kimi vacib olarsa, nəinki 2 ildən sonra, lap 1 ildən, hətta 5 aydan sonra da yenidən parlament seçkiləri keçirilə bilər. Amma bu barədə indidən danışmaq, proqnozlar vermək çox çətindir. Buna görə də hər şey reallıqlara uyğun olmalıdır. Ölkədə ictimai-siyasi sabitlikdir. Qələbələrimiz, uğurlarımız ildən-ilə artır. Parlament də təkmilləşir, yeni tərkib yeni dövrün tələblərinə uyğun işləməlidir. Ölkə rəhbəri tərəfindən qarşıya mühüm vəzifələr qoyulur və parlament də bu vəzifələrin yerinə yetirilməsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi üçün çox mühüm işlər görür. Ancaq təəssüf ki, bizi istəməyən, daxildə və xaricdə fəaliyyət göstərən bəzi qüvvələr parlamentin fəaliyyətinə daim kölgə salmağa, deputatların işini gözdən salmağa, aşağılamağa çalışırlar. Şəxsən Azərbaycan vətəndaşı kimi bu məni qane etmir, çünki görülən işlər göz qabağındadır. Parlament öz fəaliyyətində ölkə rəhbərinin siyasi kursunu, ulu öndərimiz Heydər Əliyevin qoyduğu yolu daim rəhbər tutub, bu gün də rəhbər tutur. Kim bunu qəbul edir, o, ölkənin rifahı üçün çalışır. Kim qəbul etmir, sözsüz ki, sağlam düşüncəyə, məntiqə malik deyil”. 

 

Aytəkin Qardaşova 

Tarix: 12 Sentyabr 2024, 14:08   
Chosen
72
pravda.az

1Sources