EN

Müsəlman ölkələri arasındakı sərhədlər ləğv olunacaq? – “Pezeşkianın təklifi populizmdir”

İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətləri arasında Şengen zonasının oxşarı olan model rəıklif edib. O, islam ölkələri arasındakı sərhəd nəzarətinin ləğv edilməsinə tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, bu həm də xarici sanksiyaların neytrallaşdırılmasına imkan verəcək.

Maraqlıdır, təklifin baş tutması nə dərəcədə real görünür? Müsəlman ölkələri belə bir addımı ata bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bunun real olmadığını deyib:

“Belə populist çıxış etmək asandır. Təklifi reallaşdırmaq üçün ortaya siyasət və iradə qoymaq lazımdır. Maraqlıdır, İslam dünyasında stabillik və dostluq əlaqələri bu qədərmi yüksəkdir ki, Pezeşkian bu təşəbbüslə çıxış etsin? Baxın, nəinki ölkələr, hətta müsəlman təşkilatlarının belə arasında qarşıdurma var. 2003-cü ildə ABŞ-nin qoşun yerindiyi ərazidən – İraq kimi qeyri-stabilliyin mövcud olduğu ölkədən belə bir açıqlamanın verilməsi belə absurddur. Eyni zamanda, Suriya və Misir kimi bir sıra digər regionlarda “ərəb baharı”ndan sonra baş verən bəzi proseslər, İsrail – Fələstin müharibəsinə görə ərəb ölkələri arasında fikir ayrılığı, İran-Türkiyə münasibətlərində anlaşılmaz məqamların olması, bu prosesin reallaşma ehtimalını azaldır”.

Ekspert qeyd edib ki, bu təşəbbüsün reallaşması üçün müsəlman ölkələri bir-birinə olan düşmənliyi kənara qoymalıdırlar:

“Mövcud reallıq fərqli olsaydı, bu, sanksiyalardan yayınmaq üçün uğurlu addım ola bilərdi. Oxşar münasibətlər Avropa İttifaqı ölkələri arasında mövcüddur. Ölkələr siyasi, iqtisadi baxımdan güclüdürlər. Əksər məsələlərdə bir-birini dəstəkləyirlər. Qeyd etdiyim kimi, bu vəziyyətin digər regionlarda baş tutması üçün tərəflər yüzillik müharibə etmş Fransa və İngiltərə kimi dostluq əlaqələri qurmalı, düşmənliyi kənara qoymalıdırlar. Yoxsa, sözügedən təşəbbüs pafosdan başqa bir şey deyil. Sünni-şiə kimi məhzəb davaları dayandırılmalı, dostluq və qonşuluq siyasəti aparılmalıdır”.

Məlik Məlikov,

KONKRET.az

Chosen
141
konkret.az

1Sources