Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel və Azərbaycanın səhiyyə naziri Teymur Musayev arasında görüş keçirilib və səhiyyənin müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qazaxıstan diplomatı ikitərəfli münasibətlərin yüksək səviyyəsini və dinamikasını vurğulayıb. Səfir müalicə turizmi üçün Azərbaycana gələn qazaxıstanlıların sayının ildən-ilə artdığını, Azərbaycan vətəndaşlarının Qazaxıstanın tibb təhsili müəssisələrində uğurla təhsil aldığını qeyd edib.
T.Musayev öz növbəsində Azərbaycan ilə Qazaxıstan arasında səhiyyə sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Nazirin sözlərinə görə, iki ölkə dərman istehsalı sahəsində əməkdaşlıq edə bilər. Nazir, həmçinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət sahəsində Qazaxıstanın uğurlu təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqində maraqlı olduğunu bildirib.
A.Bayel görüşdə onu da qeyd edib ki, Qazaxıstan şirkətləri Azərbaycanda, o cümlədən Qarabağ regionunda tibb müəssisələrinin inşasında iştirak etməyə hazırdır. Nazir bu təşəbbüsü alqışlayıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Görüş zamanı T.Musayev, həmçinin vurğulayıb ki, Azərbaycan İlkin Tibbi-sanitariya Yardımı üzrə Ölkələr Koalisiyasının yaradılması ilə bağlı təşəbbüsü dəstəkləyir.