Əfqanıstanda şiə həzaralara qarşı təşkil edilən və azı 14 nəfərin həyatını itirdiyi silahlı hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ öz üzərinə götürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Daykundi və Qor əyalətlərinin sərhəddində yerləşən Karyudal bölgəsində günorta saatlarında naməlum silahlı şəxslər tərəfindən şiə Hazaralara qarşı hücum təşkil edilib. Hücum nəticəsində azı 14 nəfər ölüb, 4 nəfər yaralanıb. Hücuma məruz qalanların Daykundi vilayətinin Sengi Taht rayonunun sakinləri olduğu və onların Kərbəlanı ziyarət edən qohumları ilə görüşmək üçün Karyudal bölgəsinə getdikləri bildirilib. Silahlı şəxslərin foto çəkdirmək adı ilə rayon sakinlərini daşıyan avtobusu saxladıqları, daha sonra isə onlara atəş açdıqları qeydə alınıb. Əfqanıstan administrasiyası hələlik məsələ ilə bağlı açıqlama verməyib. Əfqanıstanda terror təşkilatı DEAŞ başda olmaqla müxtəlif silahlı qruplar tez-tez silahlı və ya bombalı hücumlarla əfqan şiələrini hədəf alır.