"Azərbaycanda saatlıq əmək haqqı rejiminə keçirilməsi müzakirə olunur. Bununla bağlı artıq rəsmi məlumatlar da yayılıb. Belə bir mexanizm tətbiq olunarsa, əmək haqqı aylıq deyil, saatlıq olaraq hesablanacaq". Bu sözləri BAKU.WS-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, saatlıq əmək haqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əmək haqlarında artımların reallaşmasına gətirib çıxara bilər:
"Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əmək haqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əmək haqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əmək haqqı almasına səbəb ola bilər.
Bütövlükdə bu yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əmək haqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi daha real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əmək haqlarının artırılmasına gətirib çıxara bilər.
Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əmək haqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əmək haqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Müzakirələrdən sonr nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əmək haqqı sistemində bir yenilikdir".