EN

Kompensasiya məbləğindən gəlir vergisi necə hesablanır?

Satışı davam edən “Vergi ucotu: A-dan Z-yə” (VIII nəşr) kitabından seçmə Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu ildən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.Mİsal.  Dövlət orqanı hesab edilən qurumun işçisinin işdən çıxması ilə əlaqədar ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Hesab edək ki, işçinin cari aya hesablanmış əmək haqqı 500 manat, sonuncu başa çatmayan iş ili üzrə kompensasiyası 250 manat, başa çatan iş ilinə görə isə 220 manatdır. Gəlir vergisi 500 manatlıq əmək haqqıdan hesablanır. Cari iş ilinə görə hesablanan kompensasiya məbləğinə (250 manat) ayrıca icbari ödənişlər hesablanır. Həmçinin, başa çatan il üzrə kompensasiya (220 manat) ayrılıqda gəlir vergisinə cəlb olunmalıdır.Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manatın çıxılması da hər bir məbləğ üzrə ayrıca tətbiq olunur. Misalımıza uyğun olaraq cari ayın əmək haqqı üzrə gəlir vergisi 42 manat ((500-200) x14 faiz), cari ilə görə hesablanan kompensasiyaya görə gəlir vergisi 7 manat ((250-200) x14 faiz), başa çatan il üzrə isə 2,80 manat ((220-200) x 14 faiz) təşkil edəcək.Mİsal.  Eyni hal özəl təşkilatda baş verdikdə yenə də əmək haqqı, cari iş ilinin və əvvəlki iş ilinin istifadə edilməyən məzuniyyətlərinə hesablanan kompensasiyalar 8 000 manatdan aşağı olduğu üçün gəlir vergisinə cəlb edilmir. Məbləğ 8 000 manatdan yüksək olduğu halda, hər bir əmək haqqı üzrə 8 000 manatlıq güzəşt tətbiq olunmaqla həyata keçirilir. Təbii ki, kompensasiya məbləği 8 000 manatdan yuxarı olduqda 200 manat güzəşt tətbiq olunmur. Çünki vergi qanunvericiliyinə əsasən, 200 manatlıq güzəşt 2 500 manatadək olan əmək haqqı məbləğlərinə tətbiq olunur. Amma sosial ayırmanın hesablanması zamanı fərqli yanaşma istifadə edilməmiş məzuniyyətə də tətbiq ediləcək.İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya ilə bağlı bir məqamı qeyd etmək istəyirik ki, işçinin Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən güzəşti olarsa, həmin güzəşt yalnız bir dəfə tətbiq ediləcək.Mİsal.  Müharibə veteranı olan işçiyə cari ayda işlədiyi aylara görə əmək haqqı ilə yanaşı, son 2 il üzrə istifadə edilməmiş məzuniyyətə görə  kompensasiya hesablanır. Bu zaman işçiyə Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilən 400 manatlıq güzəşt cari ayla bağlı hesablanan əmək haqqına tətbiq edilir. Son 2 il üzrə gəlirlər ayrıca qeyd edilsə də, həmin məbləğlərə işçinin müharibə veteranı olmasına görə müəyyənləşdirilən 400 manatlıq güzəşt tətbiq edilməyəcək.

Chosen
85
mks.az

1Sources