EN

Avropanın bu ölkələri selə təslim oldu: Şəhərlər su altında qaldı

Mərkəzi və Şərqi Avropa ölkələrində "Boris" qasırğası azı 7 nəfərin həyatına son qoyub.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, leysan, daşqın və güclü külək Slovakiya, Macarıstan, Çexiya, Rumıniya və Avstriyada qeydə alınır.

Artıq Bratislava, Praqa və Vyanada yağıntının aylıq norması düşüb. Polşa və Çexiyada çaylar daşıb, Almaniyada mümkün daşqınlara qarşı intensiv hazırlıq görülür. Fırtına nəticəsində Polşada 1, Rumıniyada 5, Avstriyada isə bir xilasedici boğularaq həlak olub.

Çexiyanın Krnov şəhər merinin müavini Miroslav Binar bildirib ki, şəhərin 70-80 faizi su altındadır: “Su demək olar ki, bələdiyyə binasına çatdı. Ərazinin üçdə ikisi su altında qalıb”.

Çexiya Yanğınsöndürmə və Xilasetmə Xidmətinin baş direktoru Vladimir Vlçek fırtına başlayandan bəri ölkədə 10,5 mindən çox vətəndaşın təxliyə edildiyini deyib. Polşanın Baş naziri Donald Tusk da ölkədəki vəziyyətin “dramatik” olduğunu bildirib və bütün vətəndaşların təhlükənin miqyasını tam başa düşmədiklərindən və evlərini tərk etməkdən imtina etmələrindən şikayətlənib.

O, ölkənin cənubunda baş verən irimiqyaslı daşqınlar səbəbindən təbii fəlakət elan etmək qərarına gəlib: "Səlahiyyətli nazirlər və xidmətlərlə məsləhətləşmələrdən sonra mən Nazirlər Şurasının təbii fəlakət vəziyyətinin tətbiqi ilə bağlı fərmanının hazırlanmasını əmr etdim".

Polşanın cənub və cənub-qərbində yerləşən Sileziya və Aşağı Sileziya voyevodalıqlarında güclü yağışlar nəticəsində Nisa çayının (Oder çayının sol qolu) daşması nəticəsində irimiqyaslı daşqınlar baş verib. Bu, 1997-ci ildən bəri ən böyük daşqınlardır Klodzko şəhərinin mərkəzi və ətrafı su altında qalıb, 1,6 mindən çox rayon sakini təxliyə edilib. Ordu xilasedicilərə və yanğınsöndürənlərə yardım edir. Polşa mətbuatının məlumatına görə, iki nəfər təbii fəlakətin qurbanı olub. Ölkənin cənubunda 50 minə yaxın sakin işıqsız qalıb.

Musavat.com

Chosen
100
1
musavat.com

10Sources