EN

3000 şəhid məqaləsini Vikipediya-dan silənlərin ADLARI və FOTOLARI

Azərbaycanın 3000 şəhidi haqqında məqalələrin qlobal internet layihəsi olan Vikipediya-dan silinməsilə bağlı bəzi məqamlara aydınlıq gətirilib.

Modern.az xəbər verir ki, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu şəhidlərimiz haqqında məqalələri Vikipediya-dan silən bir neçə şəxsin adını açıqlayıb.

Qarabağ qazininin açıqlamasından belə məlum olub ki, həmin şəxslər “sapı özümüzdən olan baltalar”dır.

"Məlum məqalələrini silənlər və sildirənlər görün kimlərdir... “Solavirum”, “Grenzsoldat”, “Nemoralis”, “Dr.Wiki54” adlı adlar arxasında gizlənən şəxslər sən demə “bizimkilər” imiş: Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə.

Onlar qaçıb gizlənəndə həmyaşıdları Qarabağda qəhrəmanlıq göstərib, düşmənin başına od ələyib, şəhidliyə yüksəlib, Şuşanı, Xocalını, Xankəndini düşməndən azad edib. Amma bu Vətənin havasını udan, suyunu içən, çörəyini yeyən Ayxan, Cəlal, Nəriman, Cavid kimi Vikipediya adminləri erməni dairələrinin sifarişi ilə qəhrəman şəhid balalarımıza dair minlərlə məqaləni Vikipediya-dan silib, sonra bir min bəhanə ilə hərəkətlərinə guya haqq qazandırmağa çalışırlar. Haram olsun!

Bəhruz Səmədov kimilər ermənilərə qucaq açanda onun “Solavirum”, “Grenzsoldat”, “Nemoralis", “Dr.Wiki54” adları arxasında gizlənən şəxslərdən ibarət dəstəsi də milli xəyanət yolunda olmalı idi.

İndi xəbər alıram ki, Azərbaycanla yanaşı, Türkiyə Vikipediya-sında da azərbaycanlı şəhidlər barədə məlumatlar silinir. Bu bədbəxtlər elə bilir ki, onların adlarını silməklə, tarixi silə biləcəklər.

Sentyabr ayı Azərbaycan xalqının qəhrəmanlıq dastanlarının yazıldığı aydır, Vətən müharibəsinin başlaması, “Qisas əməliyyatı”, 19-20 sentyabr antiterror əməliyyatı məhz bu ayda baş verib. Şəhidlərimizin məqalələrini silən nanəcibləri, milli xəyanətkarları yaxşı tanıyaq”, - deyə Rey Kərimoğlu sosial şəbəkədəki paylaşımında bildirib.

Texnobloger, Azərbaycan Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas isə bildirib ki, eyni adamlar keçən ay Xocalı qurbanlarının siyahısını Vikipediya-dan silməyə çalışıblar.

O, məqalələri silənlərin sırasına daha bir şəxsin adını əlavə edib: Kanadada yaşayan Səmral Quluzadə:

"Bu adam konsensius əldə olunmayan müzakirəyə möhür vurub, 3000 məqalənin toplu silinməsi aktına imza atıb. O, bərpa müzakirləri getdiyi bir vaxtda məqalələrin geri qaytarılmayacağını əmin şəkildə deyir".

Qeyd edək ki, Azərbaycanın aralarında yüksək rütbəli hərbçilər də olan 3000 şəhidi haqqında məqalə qlobal internet layihəsi olan Vikipediya-dan tamamilə silinib. Bu hadisə Azərbaycan ictimaiyyətində etirazlara səbəb olub. Bu "işi görənlər"i qınayan ictimaiyyət nümayəndələri onların cəzalandırılmasını tələb ediblər.

Chosen
76
10
hurriyyet.az

10Sources