Azərbaycanda 2018-ci ilədək "işsizlik müavinəti" adı altında əmək müqaviləsinə xitam verilmiş şəxslərə müəyyən ödənişlər olunub. İndi bu ödənişin adında da, təyinat qaydalarında da dəyişiklik var.
Belə ki, 2018-ci ildən bəri işsizlik müavinətini işsizlikdən sığorta ödənişi anlayışı əvəz edib.
Bəs, bu nədir, kimlərə və hansı meyarlar əsasında verilir? - səkkiz suala cavabda oxuyun.
1. İşsizlikdən sığorta ödənişi nədir?
Dövlət Məşğulluq Agentliyinin mütəxəssisi Eldar Əliyev deyir ki, işsizlikdən sığorta hər hansı riskin sığortalanması deməkdir.
"İşləyən şəxsin əmək müqaviləsinə özündən asılı olmayan səbəblərə görə xitam verilirsə, yəni, şəxs işdən azad olunursa, indi ona işsizlikdən sığorta ödənişi təyin olunur", - o deyir.
Eldar Əliyev deyir ki, 2018-ci ildən tətbiq olunan "sığorta ödənişi sırf sığortaya əsaslanmış sistem"dir.
2. İşsizlikdən sığorta məbləği necə təyin olunur?
"İşsizlikdən sığorta haqqında" Qanuna əsasən, əgər şəxs əmək müqaviləsinə xitam verilənədək ardıcıl 12 ay sığorta stajına malik olubsa, itirdiyi orta aylıq əmək haqqının 50 faizi məbləğində işsizlikdən sığorta ala bilər.
Bunu misalla izah edək. Əgər şəxsin itirilmiş orta aylıq əmək haqqı 1000 manatdırsa və həmin şəxs işinə xitam verilənədək 12 ay ardıcıl işləyibsə, o zaman həmin şəxsə 500 manat məbləğində işsizlikdən sığorta ödənişi verilir.
Əgər şəxsin əmək müqaviləsinə xitam verildiyi günədək sığorta stajı 12 aydan azdırsa, o zaman həmin şəxsə minimum əməkhaqqı, yəni, 345 manat məbləğində işsizlikdən sığorta alır.
Mütəxəssis Eldar Əliyev deyir ki, şəxs işdən azad olunduqdan dərhal sonra istənilən vaxt ərzində işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər.
Burada yeganə şərt odur ki, sonuncu əmək müqaviləsi üzrə sığorta hadisəsi baş versin, yəni sığorta verilməsi üçün əsas yaransın.
Yəni, şəxs bir yerdə 12 aydan artıq işləyib. Sonra işdən ayrılıb. Daha sonra başqa bir işə qəbul olub, bir-iki ay sonra bu iş yerindən də çıxmalı olub. O zaman həmin şəxsə sığorta ödənişi son iş yerinə əsasən təyin olunacaq.
Bu halda, işçinin işini itirməsindən neçə müddət sonra işsizlikdən sığorta üçün müraciət etməsi əhəmiyyət kəsb etmir.
Azərbaycanda işsizlik: iş tapmaq getdikcə niyə çətinləşir?İş dünyasının ən cəlbedici stimullarıİş tapa bilmirsiniz? Onda bu məsləhətlərə qulaq asın3. İşsizlikdən sığorta ödənişini kimlər ala bilər?
"İşsizlikdən sığorta haqqında" Qanun qəbul olunanda hüquqi şəxsin ləğvi və ya dövlət orqanının ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər, eləcə də ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilmiş şəxslər bu hüquqa malik olublar.
2023-cü ilin dekabrında Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş və bu ilin yanvarın 1-dən qüvvəyə minmiş qanun layihəsiylə daha üç yeni maddə sığorta hadisəsi kimi nəzərə alınacaq.
Beləliklə,
Müəssisənin mülkiyyətçisinin dəyişməsinə görə işini itirmiş şəxslərin;Həqiqi hərbi xidmətdən geri qayıtmış şəxsin işə bərpası ilə əlaqədar (onun yerində işləyən əməkdaş işini itirirsə), onun yerində çalışmış şəxslərin; Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxslərin köhnə iş yerinə bərpası ilə əlaqədar iş yerini itirmiş şəxslərin işsizlikdən sığorta ödənişi almaq imkanı tanınır.
Bundan başqa, 2023-cü ildən müddətli əmək müqaviləsi üzrə işinə son verilmiş şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsi üçün tələb olunan vaxt da azaldılıb. Beləliklə, bu şəxslərdən tələb olunan iş stajı 6 ay azaldılaraq 24 aya endirilib.
4. İşsizlikdən sığorta neçə günə verilir?
Hazırda işdən özündən asılı olmayan səbəblərə görə azad olunan hər hansı şəxs müraciət etdiyi təqdirdə, ona növbəti ayın 1-dən işsizlik sığortası hesablanır.
2018-ci ilədək işsiz statusu almış şəxslər isə işsizlik müavinəti almaq üçün üç ay gözləməli idilər.
Şəklin mənbəyi, Getty Images