Amerika Birləşmiş Ştatlarının, eləcə də Avropanın bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini hər zaman müşahidə edirik. Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Bu da Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da həvəsləndirdi. Özünü tam şəkildə cəzasızlıq şəraitində hiss edən Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu da açıq şəkildə bəyan etməkdən çəkinmirdi. Son günlər yenə də Ermənistanda müxtəlif səviyyələrdə anti-Azərbaycan ritorikası güclənib. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərin dayanması, işçi qrupun fəaliyyətsizliyi, London görüşündən imtina, Ermənistanın Konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi rəsmi Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi ,rəsmi İrəvanın sülh, normallaşma prosesi ilə bağlı işini yalnız quru açıqlamalarla bitmiş hesab etməsindən xəbər verir. Bu da əvvəllər Azərbaycanla münasibətlərin qurulmasında daha maraqlı görünən Ermənistanı ruhlandıranların olduğunu göstərir.
Məlum olduğu kimi, həm rəsmi Vaşinqtonun, həm də Parisin bölgə ilə bağlı öz planları var. Onlar Cənubi Qafqazdakı təsir güclərini artırmaq istəyirlər. Bu, özünü xüsusilə Ermənistanı silahlandırmada göstərir. Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı gücləndirməyə başlayıb. Ancaq erməni cəmiyyəti bu "oyun havasına" əl qaldırmaqla yüzillik səhvi yenidən təkrarlayır. Tarixi təcrübə və son illər baş verənlər çıxış yolunun silahlanmada, üçüncü qüvvələri regiona çağırmaqda olmadığını göstərir. Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün belə bir həqiqəti ortaya çıxardı ki, beynəlxalq hüquq normaları, insan azadlıqları dünya gücləri üçün ikinci, hətta sonuncu məsələdir. Əsas olan maraqlar və mənafelərin təmin edilməsidir. Əminliklə deyə bilərik ki, fövqəldövlət kimi dünyaya sırınan Amerika Birləşmiş Ştatlarının siyasəti də elə bu prinsiplər üzərində qurulub. Azərbaycan da “Amerika ədalətini” 30 il öz üzərində hiss edən ölkələr içində ilk sırada yer alıb. Vaşinqton işğal dövründə münaqişəni həll etməyə məsul olan paytaxtlar sırasında yer alsa da işğalın davam etməsi, problemin həllini tapmaması üçün əlindən gələni etdi.
Hazırda ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Müvafiq sənədi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi – USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentaybrın 11-də imzalayıblar. Yardımın artırılmasında məqsəd guya Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Yardım ayrılan sahələr arasında fəlakət risqlərinin idarəedilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf əsas yer tutur. USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcək. Xatırladaq ki, baş nazir Nikol Paşinyan bu il aprelin 5-də USAID-in rəhbəri Samanta Paueri qəbul etmişdi. Pauer o vaxt bildirmişdi ki, USAID Ermənistana davamlı maliyyə dəstəyi göstərməyə hazırdır. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etmək əvəzinə müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları etdilər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər. Odur ki, Qərbin Ermənistanı slilahlandırması İrəvanı Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinatı üzrə, yəni fövqəladə vəziyyətdə mülki vətəndaşların təxliyəsinin təşkilinə xəclənməyəcəyi də sirr deyil. Qeyd edək ki, USAID bu yaxınlarda Ermənistanda dəyəri 23,1 milyon dollar olan yeni proqramların icrasına başlayıb. Bundan əvvəl də belə yardımlar olub. 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar dəyərində humanitar yardım ayırıb. USAID-in Ermənistan üzrə missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird vurğulayıb ki, ABŞ hökuməti yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana kömək etmək öhdəliyinə malikdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayından USAID və ABŞ hökuməti müxtəlif yardımlar - qida, psixososial dəstək verib. Yenə də ikili mövqe və qərəzli münasibət. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda, yüz minlərlə insan öz doğma torpaqlarından qovulanda təşkilat susmağa üstünlük verdi. Bir milyona yaxın azərbaycanlı bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistanın yanında dayanaraq təcəvüzkara dəstək nümayiş etdirdi. Bu gün Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır. Dünyanın istənilən yerində qaynar bir nöqtənin, münaqişənin olması Qərb üçün əlverişlidir. Çünki həmin regiona nüfuz edir, öz təsir dairəsini yaradır. Necə ki, Fransa illərlə Afrika qitəsində hökmranlıq edib, sərvətlərini talamaqla məşğul olub. Fransa bu gün də Sakit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqlara qarşı kolonializm siyasətini davam etdirir. Xalqların azad yaşamaq, öz dövlətlərini qurmaq istəklərini boğur. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi, dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi Avropa təsisatları, o cümlədən, Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin Fransa, Niderland, Almaniya və digərləri öz mövqeyində bunu aydın nümayiş etdirərək Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Bu ölkələrin ayrı-seçkiliyə və ədalətsizliyə əsaslanan qərəzli mövqeyi Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə gətirib çıxarmalı olan Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına ən böyük maneədir. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə hərəkət edir. Görünən odur ki, Qərb Cənubi Qafqaza sağlam niyyətlə baxmır. Ermənistan özü başa düşməlidir ki, ABŞ-ın bu tip siyasi riyakarlıqlarla dolu addımları bölgədə sülhə, sabitliyə mane olmaqla əslində, elə Ermənistanın özünün dövlətçiliyini təhdid edir. Çünki artıq Azərbaycan özünün ərazi toxunulmazlığını , sərhədlərinin bütövlüyünü və bütün ərazilərində Konstitusiya quruluşunu tam bərpa etməklə, bölgədə separatizmin sonunu gətirməklə Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırıb.
Şəmsiyyə Əliqızı, “İki sahil”