EN

Devalvasiya MÜƏMMASI – Manat məzənnəsini qoruyacaq, yoxsa UCUZLAŞACAQ?

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

Bu barədə məlumatı Maliyyə Nazirliyi yayıb.

Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.

Hazırda 1 dollar 1,70 manat nisbətindədir. Bu vəziyyət 2017-ci ildən üzü bəri davam edir.

Son zamanlar isə bəzi ekspertlər ölkədə növbəti devalvasiyanın ola biləcəyindən danışırlar.

Referans.az bildirir ki,  mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bank-maliyyə eksperti Əkrəm Həsənov bildirib ki, İqtisadiyyat Nazirliyinin manatın məzənnəsilə bağlı belə optimist proqnozu hazırda ölkədə manatın məzənnəsi istiqamətində mövcud olan müəyyən ajiotajla bağlıdır:

“Görünür, nazirlik həmin ajiotajı söndürmək üçün belə bir açıqlama ilə çıxış edib. Yaxşı xatırlayırıq ki, 2015-ci ilin fevralında, devalvasiyadan iki gün əvvəl Mərkəzi Bankın sərdi Elman Rüstəmov devalvasiyanın olmayacağını bəyan etmişdi. Bildiyim qədər hazırda da manatın məzənnəsilə Mərkəzi Bank məşğul olur. İndilikdə isə Mərkəzi Bank belə bəyanat verməyib”.

Həmsöhbətimizin fikrincə, 2028-ci ilə qədər ölkədə növbəti devalvasiya olacaq:

“Düzdür, hazırda manatın məzənnəsinə təhlükə yoxdur. Valyuta ehtiyatlarımız kifayət qədər yüksəkdir. Amma indidən bəzi problemlər üzə çıxır. Neft hasilatımız kəskin azalır. Büdcə xərclərimiz isə çoxdur. Ona görə də gələn ilin sonuna vəziyyətin necə olacağını demək çətindir. 2028-ci ilə qədər isə əksinə, böyük ehtimalla devalvasiya olacaq”.
Chosen
33
11
referans.az

10Sources