EN

Türkiyənin keçmiş səfiri: Prezident İlham Əliyevin dəmir yumruğu separatizm xəritəsinə nöqtə qoydu

Türkiyənin

Ankara, 19 sentyabr, AZƏRTAC

23 saat 43 dəqiqə! Uzunmüddətli erməni separatizmi birdəfəlik aradan qaldırmaq üçün rəşadətli Azərbaycan Ordusuna məhz bu qədər vaxt lazım oldu.

Bu barədə Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin ötənilki antiterror əməliyyatı Azərbaycan xalqının iradəsinin və doğma torpaqları uğrunda döyüş əzminin yeni sınağı olub.

“Dünya ictimaiyyəti işğal olunmuş torpaqların azad edilməsi və ölkənin suverenliyinin bərpasında Prezident İlham Əliyev kursunun sarsılmaz olduğunu anladı. Ermənistan ordusunun məğlubedilməzlik mifini darmadağın edən Azərbaycan liderinin dəmir yumruğu separatizm xəritəsinə də son qoydu. Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa etdi, qeyri-qanuni rejimi özünü ləğv etdiyini elan etməyə məcbur etdi”, - deyə Kılıç qeyd edib.

Türkiyənin keçmiş səfiri vurğulayıb ki, bir il əvvəl Azərbaycan xalqı yenidən bütün dünyaya öz liderinin ətrafında birləşdiyini nümayiş etdirib, ordusuna dəstək göstərib. Eyni zamanda lokal antiterror əməliyyatında iştirak edən hərbi qulluqçular cəsarət və vətənpərvərlik nümayiş etdirib” - deyə İMZA birliyinin nümayəndəsi bildirib.

Kılıç Azərbaycan Silahlı Qüvvələrinin hazırlığını və peşəkarlığını yüksək qiymətləndirərək, 2023-cü ilin sentyabrında Azərbaycan xalqının öz yenilməzliyini, dövlətinə və torpağa sadiqliyini sübut etdiyini vurğulayıb.

“Bütün dünya Qarabağın Azərbaycandan ayrılmazlığını dərk etdi”, - deyən Türkiyənin keçmiş səfiri Prezident İlham Əliyevin 20 sentyabrın Azərbaycanın Dövlət Suverenliyi Günü elan edilməsi ilə bağlı qərarını tarixi adlandırıb.

Keçmiş səfir Ankaranın Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatına güclü və birmənalı dəstəyini xatırladıb: “Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ölkələrimizin dostluğunun və qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdilər. Dünya Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan olduğunu dərk etdi. Şuşa Bəyannaməsi də bunu təsdiq etdi”. Kılıç Azərbaycan, Türkiyə və türk dünyası birliyinin düşmənlərinin türkdilli ölkələrin inteqrasiya prosesinin dönməzliyini anladığına əminliyini ifadə edib.

Mövzuya davam olaraq Kılıç diqqəti Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı dövrü dünya birliyinin ikiüzlülüyünə və qərəzliliyinə cəlb edib. “Bir il əvvəl ermənilərin himayədarları, xüsusən də Fransa yenidən fəallaşdı, lakin Azərbaycan bu qüvvələrə lazımi diplomatik cavab verdi”, - deyə Türkiyənin keçmiş səfiri bildirib.

Kılıç Prezident İlham Əliyevin siyasəti sayəsində əldə olunan tarixi nailiyyətlər münasibətilə bütün Azərbaycan xalqını bir daha təbrik edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
29
1
azertag.az

2Sources