EN

Florian Virts Çempionlar Liqasının tarixinə düşdü

Almaniya çempionu “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Arena.az xəbər verir ki, 21 yaşlı alman futbolçu buna Niderlandda yerli “Feyenoord” komandasını məğlub etdikləri matçda dubl etməklə nail olub.

O, qitənin bir nömrəli klub turnirində debüt matçında 2 qol vuran ilk almaniyalı oyunçu olub. 5-ci dəqiqədə hesabı açan Virts Leverkuzen təmsilçisinin Çempionlar Liqasında ən erkən səfər qoluna da imza atıb.

Qeyd edək ki, qarşılaşma Almaniya klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Bayer”in sözügedən turnirdə ən böyükhesablı səfər qələbəsidir.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 158 oyun, 46 qol, 51 məhsuldar ötürmə.

Virts “Bayer”lə 2023/2024-cü illər mövsümündə həm Almaniya Bundesliqasının, həm də Almaniya Kubokunun qalibi olub. O, uğurlu çıxışı sayəsində Bundesliqada 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 25 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Chosen
25
2
arena.az

6Sources