EN

Antiterror tədbirləri həm də Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə layiqli cavab oldu - Sahil Kərimli

Bu gün hər birimiz Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsinin ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakı mərhələdə isə cəmi birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Bu tarixi uğurlar dünya durduqca Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq.

Day.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O, Azərbaycan Ordusunun bu möhtəşəm Qələbəyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində imza atdığını deyib: "Azərbaycan dövləti həm uzun illər davam edən erməni işğalına son qoyub, həm də separatizmin və terrorçuluğun kökünü tarixi ərazilərimizdən birdəfəlik kəsib".

Onun sözlərinə görə, ölkəmiz bu Qələbəsi ilə həm də işğalçı Ermənistanı dəstəkləyən, separatizmi qızışdıran bəzi beynəlxalq siyasi dairələrə, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə də layiqli cavab verib. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza ataraq üzərinə götürdüyü öhdəlikləri məhz həmin qüvvələrin dəstəyi və havadarlığı ilə yerinə yetirmirdi. Ermənistanın siyasi rəhbərliyi işğalı davam etdirməyə, Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyə çalışırdı. Lakin Azərbaycan öz ordusunun gücü ilə istəyinə nail oldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksək səviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi.

"Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması hər birimizə əvəzedilməz sevinc və qürur hissi yaşadır. Bu tarixi qələbələrimiz Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıyan hadisədir", - deyə Sahil Kərimli vurğulayıb.

Chosen
23
6
day.az

7Sources