Bakı, 25 sentyabr, AZƏRTAC
Hindistanın Ukrayna ilə bağlı sülh planı yoxdur, lakin münaqişənin hər iki tərəfi ilə əlaqə saxlayır və birindən digərinə məlumat ötürür. AZƏRTAC xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Nyu-Yorkdakı Asiya İctimai Siyasət İnstitutunda müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Hindistan bir tərəflə apardığı danışıqları digər tərəflə bölüşür. “Mənə elə gəlir ki, hər iki tərəf bunu yüksək qiymətləndirir. Çünki dünyada hər iki tərəflə qarşılıqlı əlaqədə olmaq arzusu və ya imkanı olan ölkələr və liderlər çox deyil”, - deyə nazir bildirib.
Cayşankarın bəyanatı Hindistanın Baş naziri Narendra Modinin BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra verilib. Avqustun sonunda Modi Rusiya lideri Vladimir Putinlə telefonla danışıb. Bundan əlavə, onun milli təhlükəsizlik üzrə müşaviri Acit Doval Sankt-Peterburqa gedib və Putin tərəfindən qəbul edilib. O, Modinin göstərişinə əsasən, Zelenski ilə danışıqların təfərrüatlarını Rusiya prezidentinə şəxsən çatdırmaq üçün gəldiyini söyləyib.