EN

İnternet bazarının monopolisti: “Aztelekom” 76 yaşlı qadının pensiyasını necə mənimsəyir?

Artıq bir müddətdir ki, “Aztelekom” istifadəçiləri daima internet təchizatında yaranan ciddi problemlərlə üzləşir. Ölkə ərazisində verilən internetin sürəti qənaətbəxş deyil. Demək olar ki, bütün bölgələrdə eyni problemlər yaşanır. İstifadəçilər zəif “Wi-Fi” bağlantısından, internet keyfiyyətinin və sürətinin aşağı olmasından şikayətçidir. Ötən aydan isə internetin qiyməti 40 faiz artdıqdan sonra sürətində heç bir artım olmaması, əksinə daha da zəifləməsi insanlarda böyük narazılıq yaradıb. Sosial şəbəkələrdə istifadəçilərin böyük əksəriyyəti “Aztelekom”da sadəcə qiymətlər artdı”- deyə, narazılıq etsələr də, ancaq şirkət buna məhəl qoymur.

Bütün bunlar bir yana, əsas təəssüfləndirici məqam isə "Aztelekom”un abunəçilərini özündən asılı vəziyyətdə saxlamasıdır. Deməli, şirkət həm keyfiyyətsiz internet verir, həm qiyməti qaldırır, həm də şəbəkəni tərk edib başqa şəbəkələrə qoşulmağa icazə vermir. Yəni əgər istifadəçi bu şirkətdən ayrılıb digər şirkətlə əməkdaşlıq etmək istəyirsə, 150 manat cərimə ödəməlidir.

Bu barədə Publika.az-a Masallı rayonunun Həsənli kənd sakinləri tərəfindən şikayət daxil olub. Bildirilib ki, “Aztelekom” MMC onları qul kimi istismar edir.

“Hazırda Həsənli kəndində internet verilişində keyfiyyət çox aşağıdır. Amma “Aztelekom” keyfiyyətlə bağlı bizə yağlı vədlər vermişdi. Sakinləri inandırmışdı ki, onların xidmətindən istifadə etsək, sürətli internet əldə edəcəklər. Amma əksini gördük. Əvvəlkindən qat-qat keyfiyyətsiz xidmətlə üzləşdik. Ona görə də, kənd sakinləri “Aztelekom”un xidmətindən imtina edib başqa provayderə üz tutmaq istəyir. Ancaq “Aztelekom” bizə şəbəkədən çıxmağa icazə vermir. Bunun üçün abunəçilərdən 150 manat tələb edir. Səbəb isə ilk başda bağlanan müqavilə göstərilir. Halbuki, biz həmin müqaviləni oxumamışıq. Kəndçinin inamından, saflığından istifadə edərək müqaviləni oxumamış həmin sənədlərə qol çəkdiriblər, xidmət səviyyəsi isə demək olar ki, yoxdur”, - kənd sakinləri bildirir.

Kəndin 76 yaşlı sakini Gülnaz Məmmədova da “Aztelekom” tərəfindən aldadılıb. Bu yaşlı qadının evinə internet çəkiblər. Halbuki onun buna ehtiyacı yoxdur. Qadın bildirir ki, ümumiyyətlə internetdən istifadə etmir, telefon işlətmir. Amma şirkət onun evinə internet çəkib və iki aydır ki, yaşlı qadın təqaüdündən müəyyən məbləği “Aztelekom”a verir. O, internetdən imtina etmək istədiyini bildirsə də, şirkətdən ona deyiblər ki, ya 150 manat cərimə ödəməlisən, ya da bir il müddətinə imtina edə bilməzsən.

Maraqlıdır, vətəndaş keyfiyyətindən məmnun olmadığı xidmətdən imtina etmək üçün niyə pul ödəməlidir? Niyə müqavilə birtərəfli, ancaq şirkətin mənafeyi nəzərə alınaraq tərtib olunur? Qarşı tərəf işin keyfiyyətindən razı deyilsə niyə ona təzminat ödəmək əvəzinə əlavə pul tələb edilir? Bu, insanların haqqına girmək, onları qul kimi özündən asılı vəziyyətdə saxlamaq, istismar etmək deyilmi?

Vətəndaşların problemləri ilə bağlı hüquqşünas Əsabəli Mustafayevin fikirlərini öyrəndik.Saytımıza açıqlama verən Ə. Mustafayev bildirdi ki, bu cürə şikayətlər hər gün artmaqdadır.

“Müxtəlif provayderlərdən belə şikayətlər tez-tez olur, ən çox da “Aztelekom”dan. Bildiyimiz kimi, “Aztelekom” bu sahədə monopolistdir. Yəni o icazə verməsə, heç bir yaşayış ərazisinə internet çəkmək mümkün olmaz. Çünki sonradan o dalğa vermir, yəni bu, tamamilə “Aztelekom”un səlahiyyətindədir. Ona görə də, bu səlahiyyətlər “Aztelekom”dan alınmalıdır. Bu, dövlət şirkətidir. Ümumiyyətlə dövlət müəssisələrinin kommersiya fəaliyyəti ilə məşğul olması düzgün deyil. Çünki bu zaman maraqların toqquşması, monopoliya baş verir. Onlar bu imkanlardan istifadə edərək öz istəklərini həyata keçirirlər. Yəni abunəçi bu provayderdən çıxıb başqa provayderə keçmək üçün mütləq “Aztelekom”un icazəsini almalıdır. Ona görə də düşünürəm ki, bu işdə əhalinin də günahı var. Çünki deyirlər ki, müqaviləni oxumadan imzalamışıq. Bu cürə arqumentlər hüquqi arqumentlər deyil. Bildiyim qədər müqavilə bağlandıqdan sonra müəyyən dövr üçün istifadəçilərə pulsuz olaraq avadanlıqlar verilir və bildirilir ki, tutaq ki, il yarım ərzində müştərim olsan həmin avadanlıqlar sizdə qalacaq. Yox, əgər müqavilədəki vaxtdan tez ayrılan zaman artıq onun pulunu qaytarmalısan. Həmin avadanlığı da bildiyim qədər geri qaytarmaq olmur. Yəni hər şey müqavilədən asılıdır. Düşünürəm ki, belə məsələlərdə hər iki tərəfi qınamaq lazımdır. Həm əhalini, həm də şirkəti. Əhalini ona görə ki, müqaviləni oxumadan qol çəkirlər. Onlara izah etmək lazımdır ki, müqaviləni oxumaq lazımdır. Əgər sizi qane etməyən bir məqam varsa, onu dəyişdirilməsini tələb etmək olar. Müqavilə tətbiq edilib, bütün bəndlər qeyd olunub, müştəri də vaxtından buna etiraz etməyib, ona görə hazırda “Aztelekom”a hüquqi cəhətdən heç bir irad göstərmək mümkün olmayacaq ki, sən niyə 150 manat tələb edirsən?”

Hüquqşünas onu da əlavə etdi ki, belə xidmətlərin göstərilməsində monopoliya olmamalıdır.

Chosen
73
50
publika.az

10Sources